Milli mətbuatımızın inkişafı Ulu Öndərin adı ilə bağlıdır - Aslan Abbaszadə
22 iyul Azərbaycan milli mətbuatının yaranmasından 149 il ötür. Ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub.
Bildiyiniz kimi milli mətbuatımızın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı. 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi.
Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Bu günlərin önəmli hadisələrindən biri də İkinci Şuşa Qlobal Media Forumu oldu. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynadı. Forumda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumatlar verildi, geniş müzakirələr aparıldı.
Aslan Abbaszadə
Faktor.az xəbər portalının Baş Redaktoru