Pressa.az » Ölkə » Rusiya-Ukrayna danışıqları Azərbaycanda keçirilə bilər

Rusiya-Ukrayna danışıqları Azərbaycanda keçirilə bilər

20 avqust 2024, Çərşənbə axşamı, 12:28
Rusiya-Ukrayna danışıqları Azərbaycanda keçirilə bilər

"Rusiya-Ukrayna danışıqları böyük ehtimalla Azərbaycanda keçirilə bilər".

Bu sözləri Rusiya prezidenti Vladimir Putinin Azərbaycan səfərini şərh edən politoloq Turan Rzayev açıqlamasında deyib.

Bu səfərin Azərbaycan-Ukrayna münasibətlərinə mümkün təsirlərinə toxunan politoloq hesab edir ki, Putinin səfərinin Azərbaycan-Ukrayna münasibətlərində hansısa problem yaradacağı gözlənilmir. Çünki səfər çərçivəsində Putin və Azərbaycan tərəfi qeyri-adi fikir söyləməyib. Onun sözlərinə görə, əslində Azərbaycan Rusiya-Ukrayna savaşının beynəlxalq norma və hüququnun prinsiplərinə əsaslanan formada diplomatik yolla həllində maraqlıdır:

“Ən önəmlisi budur ki, Azərbaycan tərəf tutmur. Sadəcə ölkəmiz bu günə qədər Rusiyanın Ukrayna ərazilərini işğal etdiyini rəsmi səviyyədə deyib. Hətta bir çox məsələlərdə Azərbaycan Ukraynaya dəstək olub. Yəni, Azərbaycan münaqişə çərçivəsində Ukraynanın haqlı olduğunu göstərir. Vacib məqam isə odur ki, Azərbaycan Qərbin Rusiyaya qarşı sanksiyalarına da qoşulmur".

Ukraynanın kifayət qədər təcrübəli ölkə olduğunu vurğulayan T.Rzayevə görə, Kiyev Azərbaycan və Rusiyanın bir sıra məsələlərlə bağlı münasibətinin olmasını normal qəbul edir. Bu baxımdan Ukraynanın Azərbaycana qarşı radikal olması real görünmür.

"Ölkəmiz balans siyasətini qoruyur və bu siyasət çərçivəsində Rusiya ilə münasibətlərinə önəm verir. Azərbaycanın Rusiya ilə sərhədi və 300 illik tarixi münasibətlər sistemi var. Bu baxımdan Rusiya ilə münasibətləri tamamilə kəsmək ağılabatan deyil. Azərbaycan və Rusiya arasındakı Moskva Bəyannaməsi münasibətlərin strateik tərəfdaşlıq səviyyəsini qaldıran bir müdafiə faktıdır", - deyə müsahibimiz qeyd edib.

Turan Rzayev: Danışıqlarının Azərbaycanda keçirilməsinin hər iki tərəf üçün uyğun olacağı görünür

Politoloq hesab edir ki, Azərbaycan Rusiya və Ukrayna arasında kifayət qədər balanslı siyasət yeridir və hər iki tərəfi məmnun edəcək səviyyədədir:

"Məlumdur ki, gec və ya tez Rusiya-Ukrayna münaqişəsi bitəcək. Rusiya ilə münasibətləri kəsən Avropa ölkələri danışıqlar üçün uyğun deyil. Rusiyanın orbitində olan Belarus, Qazaxıstan kimi ölkələrə də Ukrayna razı olmayacaq. Türkiyə bir müddətə qədər görüşün keçirilməsində alternativ ölkə olsa da, hazırda Ukrayna Rusiya danışıqlarının bu ölkədə olmasını istəmir. Mövcud vəziyyətdə Rusiya-Ukrayna danışıqlarının Azərbaycanda keçirilməsinin hər iki tərəf üçün uyğun olacağı görünür".

Gülşən Şərif