Yol polisindən yeni tədris ili ilə bağlı əhaliyə müraciət
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yeni tədris ilinin başlanması ilə əlaqədar əhaliyə müraciət edib.
Liderxeber.az həmin müraciəti təqdim edir:
"Yeni dərs ilinin başlanması təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində daha kəsərli tədbirlərin görülməsini tələb edir.
Daxili İşlər Nazirliyinin göstərişinə əsasən, bu sahədə həyata keçirilən qabaqlayıcı tədbirlərin effektivliyinin artırılması məqsədilə, cari ilin sentyabr ayının 10-dan oktyabr ayının 10-dək respublika ərazisində təhlükəsizlik aylığının keçirilməsinə başlanılıb.
"Diqqət, uşaqlar!" devizi altında keçiriləcək tədbirlər çərçivəsində təhsilalanların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində nəzarət-profilaktik tədbirlərin gücləndirilməsi, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə edilməsi, çatışmazlıqların aradan qaldırılması, xüsusilə maarifləndirmə və tərbiyəvi-təbliğat xarakterli işlərin görülməsi nəzərdə tutulur.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlaması ərəfəsində bütün təhsil ictimaiyyətinə uğurlar arzu edir, bununla yanaşı yollarda uşaq travmatizminin minimuma endirilməsində əhalini, xüsusilə qeyri-hökumət təşkilatlarını, media subyektlərini birgə iştirakçılığa çağırır".