Pressa.az » Ölkə » Azərbaycanın demokratik inkişafına və dövlətçilik ənənələrinin möhkəmlənməsinə olan töhfə

Azərbaycanın demokratik inkişafına və dövlətçilik ənənələrinin möhkəmlənməsinə olan töhfə

27 sentyabr 2024, Cümə, 10:55
Azərbaycanın demokratik inkişafına və dövlətçilik ənənələrinin möhkəmlənməsinə olan töhfə

2024-cü ildə keçirilən, həm növbədənkənar prezident, həm də parlament seçkiləri Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərini əhatə etdi.

 2024-cü ildə Azərbaycan Respublikasında keçirilən prezident və parlament seçkiləri ölkəmizin tarixində mühüm hadisələr kimi yadda qaldı. İlk dəfə olaraq bu seçkilər Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazisini əhatə etdi. 2020-ci ildə baş tutmuş Vətən müharibəsi, ardınca ötən il reallaşdırılmış antiterror əməliyyatları, bütün bunların nəticəsində qazanılan parlaq Zəfərlər Azərbaycanın bütün ərazilərində suverenliyinin bərqərar olmasına səbəb oldu. Bu hadisə, həm də ölkəmizin demokratik institutlarının işğaldan azad olunmuş ərazilərdə tam bərpasına şərait yaratdı. Mövcud vəziyyət eyni zamanda keçirilən seçkilərin əhəmiyyətini və simvolik dəyərini daha da artırdı.

Seçkilərin bütün ölkə ərazisində keçirilməsi, yaradılan yeni reallıqların birbaşa nəticəsidir. Tarixi hadisə nəticəsində bu ərazilərdə yaşayan insanların da ölkənin siyasi həyatında bərabərhüquqlu iştirakı təmin edildi. 30 ildən sonra Qarabağın və ətraf rayonların Azərbaycan seçki sisteminə daxil olması, demokratik proseslərin ölkə miqyasında tam əhatəliliyini təmin etdi. İşğaldan azad olunmuş ərazilərdə seçkilərin keçirilməsi üçün xüsusi hazırlıq işləri aparıldı.

Dövlət orqanları həmin ərazilərdə seçki məntəqələrinin təşkil edilməsi, infrastrukturun qurulması və seçki iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi üçün böyük səylər göstərdi. Bu bölgələrdə keçirilən seçkilərin şəffaf və ədalətli şəkildə baş tutması üçün yerli və beynəlxalq müşahidəçilər də cəlb olundu. Seçki prosesinin hüquqi çərçivəsi və texniki hazırlıqları demokratik standartlara tam cavab verdi. Bu seçkilər Azərbaycanın bütün vətəndaşlarının, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yaşayan insanların siyasi hüquqlarının tam təmin olunmasına şərait yaratdı. 2024-cü ildə keçirilən parlament və prezident seçkiləri, ölkə daxilində milli birliyi və həmrəyliyi daha da gücləndirdi. Hər bir vətəndaşın dövlətin siyasi həyatında iştirak hüququnun təmin edilməsi, Azərbaycanın demokratik inkişafına və dövlətçilik ənənələrinin möhkəmlənməsinə töhfə verdi.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində seçkilərin keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənildi. Bir çox beynəlxalq müşahidəçilər, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, seçkilərin gedişini izləmək üçün Azərbaycana gəldi. Beynəlxalq müşahidəçilərin ilkin qiymətləndirmələrinə əsasən, seçkilər demokratik normalara uyğun və şəffaf şəkildə keçirildi. Bu, Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi və ölkəmizin demokratik inkişaf yolunda irəliləyişini təsdiqlədi. 23 sentyabr tarixində VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında iştirak və çıxış edən möhtərəm Prezident cənab İlham Əliyev bir çox vacib məsələlərlə yanaşı qeyd etdiyim məqamlara da xüsusi diqqət çəkdi. Bəli, 2024-cü ildə keçirilən seçkilər Azərbaycanın gələcək siyasi inkişafının əsasını qoyan mühüm addımdır.

 Fərid Əhmədov;
 Neftçala rayonu