Pressa.az » Ölkə » Qanunsuz istənilən məbləğ və işıqsız qalan vətəndaş - MTK hansı qaydaları heçə sayır?

Qanunsuz istənilən məbləğ və işıqsız qalan vətəndaş - MTK hansı qaydaları heçə sayır?

29 noyabr 2024, Cümə, 17:31
Qanunsuz istənilən məbləğ və işıqsız qalan vətəndaş - MTK hansı qaydaları heçə sayır?

İpoteka ilə ev alan vətəndaş mənzilə dair çıxarışın verilməsi üçün mənzil-tikinti kooporativi (MTK) tərəfindən pul tələb olunmasından narazıdır.

Vətəndaş bildirib ki, mənzilin kredit ödənişlərində heç bir borcu olmamasına baxmayaraq, çıxarışı vermək üçün MTK ondan 470 manat pul tələb edir:

"Mən 10 illik ipoteka ilə ümumi sahəsi 46 kvadratmetr olan mənzil almışam. Kreditin müddəti hələ bitməyib, lakin bu günə qədər kreditin ödənişində nə bir gecikmə olub, nə də borc qalıb. MTK mənə mənzili alanda demişdi ki, çıxarış veriləndə heç bir ödəniş tələb olunmayacaq. Lakin hazırda zəng edib 470 manat ilə çıxarışı götürmək üçün yaxınlaşmağımı istəyir. Pulum olmadığı üçün çıxarışı sonra gəlib götürəcəyimi dediyimə görə MTK məni məhkəməyə verməklə hədələyib, habelə işığımı da kəsib. Mən "ASAN xidmət"dən maraqlananda dedilər ki, çıxarış üçün təxminən 100 manat rüsum ödəniləcək. MTK isə 470 manatı nə üçün istədiyinin səbəbini belə demir".

Maraqlıdır, bəs görəsən, MTK-lar mənzilə dair çıxarışın alınması üçün pul verilmədiyinə görə mənzil sahibini işıqsız qoya bilər? Belə hallarda MTK-nı hansı cəza gözləyir?

Mövzu ilə bağlı sualları cavablandıran vəkil Vamiq Şükürov bildirib ki, MTK bina sakinin işığını, suyunu, qazını kəsə bilməz:

"Sözügedən məsələlərin hər biri qanunvericiliklə tənzimlənir. MTK bina sakinin işığını, suyunu, qazını kəsə bilməz. Bu işi yalnız məsul qurumlar icra edə bilərlər. Həmin qurumlar qanunvericiliklə nəzərdə tutulan hallar baş verdikdə bunu edə bilərlər. Məsələn, hər hansı qəza baş verərsə, sakinə qabaqcadan xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, müəyyən edilmiş müddətdə qaz, işıq, su təchizatı haqlarını ödəməkdən yayınarsa, qanunda nəzərdə tutulan hallarda göstərilən təchizat xidmətləri dayandırıla bilər".

Vəkil qeyd edib ki, MTK rəhbərliyinin belə bir səlahiyyəti olmadığına görə qanunvericilikdə sözügedən hallarda cərimələrin yazılması nəzərdə tutulub:

"MTK-nın bu davranışı özbaşınalıq olaraq qəbul edilməlidir. Qanunvericilikdə bu kimi hallarda cərimələrin yazılması nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsi 279.0.7-ci maddəsinə görə qaz, elektrik və ya istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir".

O, vətəndaşın əmlak əməliyyatlarını özünün müstəqil şəkildə həyata keçirə biləcəyini söyləyib:

"Hər bir şəxs öz evinə aid sənədləşməni, əmlak əməliyyatlarını müstəqil şəkildə həyata keçirə bilər. Şəxsin özü də qanunda tələb olunan müəyyən sənədləri -MTK-dan alınan protokoldan çıxarışı, maliyyə arayışını və müqaviləni götürərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin "ASAN xidmət"lərdə olan şöbələrinə təqdim etməklə mənzilə dair çıxarışı əldə edə bilər".