Azərbaycanda sənaye parklarının rezidentlərinin güzəştlər hesabına qənaət etdiyi vəsait açıqlanıb
İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilən idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər indiyədək 501 milyon manatdan çox maliyyə vəsaitinə qənaət ediblər.
Bu barədə Agentliyin mətbuat katibi Elçin Kazımov Ağdam Sənaye Parkına təşkil olunan mediatur zamanı Liderxeber.az-a bildirib.
“Rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən azaddır. Həmçinin istehsal məqsədilə texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. Bu güzəştlər sayəsində rezidentlər indiyədək ümumilikdə 501 milyon manatdan çox, yalnız 2024-cü ilin ilk 11 ayında isə 40,68 milyon manat qənaət ediblər”, - deyə E.Kazımov vurğulayıb.
O əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarında əlavə güzəştlər də mövcuddur. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 % endirim, idxal olunan xammal və materiallar üçün gömrük rüsumları və ƏDV-dən tam azadolma daxildir. E.Kazımovun sözlərinə görə, bu güzəştlər müəyyən edilmiş siyahı əsasında tətbiq edilir.
Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində 8 sənaye parkı fəaliyyət göstərir. Rezidentlər tərəfindən bu parkların istehsal potensialının artırılması üçün indiyədək 5 milyard 660 milyon manata yaxın sərmayə yatırılıb. Bu sərmayələrin nəticəsində 17 mindən artıq iş yeri yaradılıb.