Pressa.az » Ölkə » Əsl qardaşlıq nümunəsi; Azərbaycan – Pakistan!

Əsl qardaşlıq nümunəsi; Azərbaycan – Pakistan!

26 fevral 2025, Çərşənbə, 11:28
Əsl qardaşlıq nümunəsi; Azərbaycan – Pakistan!

Əsl dostluq qardaşlıq mövqeyindən çıxış edən Azərbaycan və Pakistan arasındakı münasibətlər bu gün daha da inkişaf edərək geniş sahələri əhatə edir. Dərin tarixi köklərlə bir-birinə bağlı olan hər iki dövlət bütün beynəlxalq platformalarda hər  zaman bir-birilərinin mövqeyini dəstəkləmiş və dəstəkləməkdədirlər. Təkcə bir faktı qeyd edək ki, Pakistan Azərbaycanın dövlət müstəqiliyini tanıyan ilk dövlətlərdən biridir.

Elə bu göstərici münasibətlərin möhkəm təməl üzərində, dostluq, əməkdaşlıq şəraitində bərqərar olmasını şərtləndirən vacib amillərdən sayıla bilər. Bu dövlət  Azərbaycanın ərazi bütövlüyünə daim hörmətlə yanaşmış, artıq keçmişdə qalmış “Qarabağ problemi”nin ədalətli həll edilməsində Azərbaycanın yanında dayanan dövlətlərdən olmuşdur. Azərbaycan da öz növbəsində beynəlxalq münasibətlər sistemində daim Pakistanın mövqeyini qeyd-şərtsiz dəstəkləmiş və dəstəkləməkdədir. Kəşmir məsələsinin ədalətli həllində Azərbaycan Pakistanın haqq işini dəstəkləyir. Ötən dövr ərzində Heydər Əliyev Fondu tərəfindən Pakistanda böyük humanitar layihələrin icra olunduğunu xüsusi vurğulamalıyıq. Hər iki ölkə arasında iqtisadiyyatın demək olar ki bütün sahələri üzrə qarşılıqlı əməkdaşlıq uğurla həyata keçirilir.

Bu gün Pakistanla Azərbaycanın mövcud əməkdaşlığının ən prioritet istiqamətlərindən biri kimi, hərbi sahədə olan əməkdaşlığı vurğulamalıyıq. 44 gün davam edən Vətən Müharibəsi zamanı Pakistanın Azərbaycana verdiyi qardaş dəstəyini xalqımız ömür boyu unutmayacaqdır. Əlbəttə ki, bütün bunlar mövcud əlaqələrin dostluq, qardaşlıq telləri üzərində qurulduğunun əyani göstəricisidir. Bu gün hər iki dövlət arasında olan qardaşlıq münasibətlərinin səviyyəsindən narahat olan qüvvələr vardır.

Ancaq onlar unudurlar ki,  hər iki ölkəni bir-birinə möhkəm tellərlə bağlayan onların tarixi, siyasi, mədəni-mənəvi birlikləridir. 24 fevral tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin  ölkəmizə rəsmi səfəri, səfər çərivəsində səsləndirilmiş bəyanatlar, imzalanmış sənədlər iki dövlət arasındakı münasibətlərin səviyyəsini bir daha dünyaya nümayiş etdirdi. Bu gün dünyada qardaş dediyimiz, bizi qardaş bilən Pakistanın inkişaf etməsi, güclənməsi Azərbaycanın maraqlarına və manefeyinə uyğundur. 

Rəmziyyə Nəcəfova
Neftçala rayonu