Pressa.az » Ölkə » Neftçalada Xocalı soyqırımının 33-cü ildönümü qeyd olunub

Neftçalada Xocalı soyqırımının 33-cü ildönümü qeyd olunub

26 fevral 2025, Çərşənbə, 16:31
Neftçalada Xocalı soyqırımının 33-cü ildönümü qeyd olunub
Son 200 il ərzində tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmış azğın millətin xalqımızın başına gətirdiyi müsibətlər saysız-hesabsızıdır.
Belə müsibətlərdən biri olan Xocalı soyqırımından artıq 33 il ötür. 1992-ci ili 26 fevral gecəsi Xocalı şəhərində yaşanan qətliamdan bir qərinə zaman ötsə də xalqımız bu ağır hadisəni unutmayıb. Bu faciə təkcə xocalılara qarşı deyil, bütöv bəşəriyyətə qarşı törədilmiş bir hərbi cinayət idi.
Artıq ikinci ildir ki, bu dəhşətli soyqrımın ildönümləri tam fərqli şəkildə qeyd edilməkdədir. Xocalı şəhəri azaddır və faciə zamanı şəhid olmuş xocalıların da ruhu şaddır. Demək olar ki, hər gün Böyük Qayıdış proqramına uyğun olaraq onlarla məcburi köçkün ailəsi, elədə Xocalı sakinləri öz yurdlarına qayıdır, dağıdılmış, viran qoyulmuş yurdlarına isti nəfəs gətirirlər.
Müzəffər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş yurdlarımızda aparılan yenidənqurma işləri vətəndaş olaraq hər birimizi qürurlandırır. Bir zamanlar sözün əsl mənasında işıqları söndürülmüş Xocalı və onun kimi yüzlərlə yaşayış məntəqələrimiz cənnətə çevrilir. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması barədə 25 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb.
Bu gün Respublikamızın hər yerində olduğu kimi, Neftçala rayonunda Xocalı soyqırımının 33-cü ildönümü qeyd olunub.
Fevralın 26-da Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələri tərəfindən Neftçala şəhərinin mərkəzində yerləşən Xocalı faciəsi qurbanlarının əziz xatirəsinə ucaldılan abidə ziyarət olunub, Xocalı qurbanlarının ruhuna dualar oxunub, gül dəstələri düzülüb.
Daha sonra Neftçala Rayon Dövlət Rəsm Qalereyasının təşkil etdiyi Xocalı qurbanlarının xatirəsinə həsr olunan rəsm sərgisinə baxış keçirilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların və Xocalı soyqırımı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Xocalının azad edilməsindən sonra ora səfərləri, sakinlərlə görüşlərindən bəhs edən videoçarxa baxış keçirilib. 
Tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala nümayəndəliyi tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya ilə davam edib.