AQTİ-də Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub

Xalqımızın taleyində sağalmaz yaralardan biri olan Xocalı soyqırımından 33 il ötür.
Liderxeber.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) kollektivi qanlı faciənin ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər. Faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib, abidənin önünə gül dəstələri qoyulub.
Sonra AQTİ-də Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdiyini xatırladıb. Bildirib ki, Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, faciəyə siyasi-hüquqi qiymət verilib.
Vurğulanıb ki, Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını hər zaman diqqət mərkəzində saxlayıb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə, Heydər Əliyev Fondunun Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması üçün çox böyük işlər gördüyü diqqətə çatdırılıb. 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində bir çox tədbirlərin, təqdimatların həyata keçirildiyi, kitabların, məqalələrin dərc edildiyi, sərgilərin təşkil olunduğu qeyd olunub.
Bildirilib ki, 44 günlük Vətən müharibəsi ədalətin təntənəsi oldu. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatından sonra ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Ə. Nəbiyev Prezident İlham Əliyevin Xocalıya səfərlərini xatırladıb, ölkə başçısının Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında Sərəncamını xüsusi olaraq vurğulayıb.
Daha sonra faciə qurbanlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.