Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra Avropa İttifaqının ölkədə olan mülki missiyasının gələcək fəaliyyəti barədə danışıb.
Liderxeber.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Mirzoyan bu məsələyə parlamentdə çıxışı zamanı toxunub.
Onun sözlərinə görə, İrəvan mülki missiya ilə əməkdaşlıq mexanizmi və formalarını hər zaman müzakirə edə bilər:
“Missiya sərhəddə sabitliyə töhfə verib, sülh müqaviləsi imzalandıqda isə bu sabitlik institusional olacaq. Bildirmək istəyirəm ki, müqavilə imzalandıqdan sonra avropalı tərəfdaşlarımızla mülki missiyaya dair qarşılıqlı məqbul və faydalı həllər tapacağıq”.
Xatırladaq ki, martın 13-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakı və İrəvan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin artıq yekunlaşdığını açıqlayıb. Onun sözlərinə görə, Ermənistan iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini Bakıya bildirib.
Daha sonra isə Azərbaycan Xarici İşlər Nazirliyi Bakı ilə İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanat yayıb.
Onu da bildirək ki, açıq maddələrdən biri üçüncü ölkələrin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməməsinə aiddir.