Azərbaycan ilə Çin arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri dərin tarixi köklərə əsaslanır. Bu münasibətlərin inkişafında Ulu Öndər Heydər Əliyevin xüsusi rolu olmuşdur.
Cənab Prezident İlham Əliyev bir neçə gün öncə Çin Xalq Respublikasına səfəri zamanı bu ölkənin CGTN telekanalına müsahibə verərək ikitərəfli münasibətlərin formalaşdırılmasında Ümummilli liderin roluna diqqət çəkdi. Dahi liderin iki ölkə arasında qarşılıqlı etimada və hörmətə əsaslanan əlaqələrin qurulması və möhkəmlənməsi üçün böyük səylər göstərdiyini, Azərbaycan Prezidenti kimi ilk rəsmi səfərlərindən birini məhz Çinə etməsini, bunun da iki ölkə arasında münasibətlərin əsasının qoyulmasına səbəb olduğunu diqqətə çatdıran cənab İlham Əliyev qoyulmuş bünövrənin bu gün qurduğumuz əməkdaşlıq əlaqələrinin dayanıqlılığına və aktuallığına xidmət etdiyini diqqətə çatdırmışdır.
Ulu Öndərin siyasi irsinin ölkəmiz üçün olduqca dəyərli olduğunu bildirən Möhtərəm Prezident bu irsi qorumağa və davam etdirməyə sadiq olduğunu bir daha bəyan etdi. Bəli, hər zaman olduğu kimi bu gün də Çin ilə münasibətlərimiz prioritet istiqamətlərdən biridir. Nəzərə alınmalıdır ki, artıq Azərbaycan da 20 il əvvəlki ölkə deyil. Qürurvericidir ki, bu gün ölkəmiz dünya miqyasında böyük hörmət və ehtiramla qəbul edilir. Azərbaycanın iştirakı olmadan nəinki yerli, heç regional məsələlər də öz həllini tapa bilməz və tapmır.
Aparılmış düzgün, düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycan inkişaf edərək, daha güclü, daha müstəqil bir ölkəyə çevrilib. Lakin ölkəmizin əsas dəyərləri və strateji istiqamətləri dəyişməyib. Bu dəyişməzlik sabitliyin, etibarlı tərəfdaşlığın və dövlətçilik prinsiplərinə sadiqliyin bariz nümunəsidir.
Vüsal Atayev
Neftçala rayonu