Müsahibə almaq üçün Səyyad Aranla bir neçə dəfə telefonla danışdıq.
İclasların çoxluğu və İmişliyə səfərdə olduğu üçün bizimlə görüş üçün konkret gün və saat təyin etmək mümkün olmurdu. Nəhayət, ikinci gün səhər zəng edib günorta redaksiyamıza gələcəyini bildirdi. Bu, 1990-cı illərin siyasətçilərində davam edən ənənə olduğu üçün o qədər də təəccüblənmədik.
Səyyad Aran 1995-2005-ci illərdə Milli Məclisinin I və II çağırış deputatı olub. O, 2024-cü ildən yenidən Milli Məclisdə təmsil olunur. II çağırış dövründən VII çağırışa qədər olan zamanda isə Səyyad Aran müxtəlif vəzifələrdə çalışıb. O, 2006-10-cu illərdə Azərbaycanın İstanbul şəhərində baş konsulu, 2012-24-cü illərdə isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində işləyib. Səyyad Aran, həmçinin ədəbi və publisistik fəaliyyətlə məşğuldur. Uzun müddət jurnalist kimi fəaliyyət göstərən müsahibimiz bir neçə kitabın müəllifi və Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.
Liderxeber.az Səyyad Aranın Modern.az saytına verdiyi müsahibəni təqdim edir:
- Uzun müddətdən sonra yenidən parlamentə qayıtmağınız öz istəyiniz idi, ya təklif gəldi?
- Yeni Azərbaycan Partiyasının (YAP) qərarı idi. Ümumiyyətlə, YAP-ın namizədlərini partiyanın İdarə Heyəti müəyyənləşdirir. Bəlkə də, əvvəlki YAP-çılara yenidən ehtiyac var idi, ya da İmişli üçün məndən daha münasib YAP-çı namizəd yox idi.
Mən YAP-ın yaradıcılarından biriyəm. Bu partiyanın formalaşmasında mənim də əməyim olub. "Səs" qəzetində baş redaktorun birinci müavini vəzifəsində çalışanda dəfələrlə Naxçıvana getmişəm. İlk gedişim isə 26 iyun 1992-ci ildə olub. Heydər Əliyev həmin gün bizi qəbul etdi, məqsədimizlə maraqlandı. Ondan sonra ardıcıl olaraq Naxçıvana gedib-gəlməyə başladım və daha sonra YAP-ın yaradıcılarından oldum.
- Həyatda olan YAP-ın yaradıcıları və ya "91-lər"lə əlaqələriniz qalırmı? Hansıları ilə dostluq münasibətiniz davam edir, hansıları ilə ümumiyyətlə əlaqəni kəsmisiniz?
- Mən "91-lər"dən olmasam da, onlardan imza toplayanlardan olmuşam. O zaman "Səs"in baş redaktoru hörmətli Ağabəy Əsgərova dedim ki, mən də imza atım? Dedi ki, onun özü kollektivin rəyin bildirib, hamının əvəzindən imza atıb. Onun bu sözündən sonra imza atmadım. "İki sahil"in baş redaktoru Vüqar Rəhimzadə zəng edib, "xahiş edirəm, o imzaları göndər" deyəndə yenidən fikirləşdim ki, Ağabəy Əsgərovun adının ardından öz adımı da yazıb imza atımmı? Gördüm, nəsə təbii alınmır, həm də Ağabəy Əsgərovun o sözündən sonra tərəddüd etdim. Gah istədim imza atam, gah yox. Amma imzalamadım. Düşündüm: söz bir dəfə olar. Sonra başa düşdüm ki, səhv etmişəm.
Münasibətlərə gəldikdə isə hamısı ilə münasibətim çox yaxşıdır. Heç kimlə nə düşmən olmuşam, nə də heç kimi özümə düşmən etmişəm. Doğulduğum rayonun nəcib xarakterlərini həmişə daşımağa çalışıram. Bizim camaatda böyük-kiçik yerini bilmək, mülahizə mədəniyyəti çox ciddi qorunur. Ağabəy Əsgərov, Siyavuş Novruzov, Kərim Kərimov, Şahlar Əsgərov, Fərəməz Maqsudovla yaxın olmuşam... Onlarla hakimiyyətə gəlməzdən əvvəl - "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı olan "Səs" qəzetində işləyərkən də münasibətim var idi.
- Siyasətdə hamı ilə dost olmaq nə dərəcədə mümkündür?
- Bu bir az mürəkkəb məsələdir. Hamı ilə dost olmaq mümkün deyil. Sənə qarşı elə qərəzli mövqe tuturlar ki... Müxalifət olmaq olar, amma şəxsinə hansısa mənfi ifadə və ya iftira heç bir halda düzgün deyil. Mənim haqqımda da bəzən mətbuatda qərəzli məqalələr gedib. Bunlar hamısı daha çox qısqanclıqla bağlı idi.
Məni Heydər Əliyev bəyənib, yazılarımı da, fəaliyyətimi də qiymətləndirib. Çinə gedəndə Heydər Əliyev mənə dedi ki, bilirsən, səni niyə aparıram, çünki yaxşı yazırsan...
- Dostlarınız qocalıblar sanki...
- Yox. Ağabəy də yaxşıdır, Siyavuş da.
- Fiziki baxımdan yox, siyasi baxımdan qocalıblar elə bil.
- Bu mənada qocalan da var, qocalmayan da. Hesab edirəm ki, Siyavuşla Ağabəy hələ də cavandırlar.
- "91-lər"dən danışmışkən, o siyahıya təsadüfən düşən insanlar var idimi?
- Heydər Əliyev və onun siyasəti ilə birbaşa əlaqəsi olmayan adamlar var idi. Onlar da ki ziyalı kimi imza atmışdılar.
- Şahlar Əsgərov bizə müsahibəsində qeyd edirdi ki, "91-lər", əslində, "92-lər" olmalıdır. Çünki Heydər Əliyevi Bakıya dəvət edənlərdən biri də Əbülfəz Əliyev (Elçibəy) idi.
- Ola bilər. Yəqin, Şahlar Əsgərov da nəsə bilib, deyir. Çünki Əbülfəz Elçibəyin Heydər Əliyevə münasibəti hamıya bəllidir. Əlbəttə ki, Heydər Əliyevi Bakıya Elçibəy çağırdı. Onun qüdrətli rəhbər olduğunu, nüfuzunu gördü. Bunu Ziya Bünyadov da görüb məqaləsində keçid dövrünün rəhbəri kimi Heydər Əliyevi göstərmişdi. Mən bu barədə Şahlar müəllimlə şərikəm.
- Jurnalist, siyasətçi, deputat, diplomat, yazıçı Səyyad Aran var. Hansı biri kimi müraciət edək sizə?
- Elə Səyyad Aran kimi. Təbii ki, siyasət mənim əsas işim idi, belə də tanındım. Eyni zamanda, "Səyyad Aran" imzası ilə çıxan publisist yazılar və romanlarımla. Amma mən daha çox siyasətçiyəm...
- 1990-cı illərin əvvəlindən bu yana siyasətdə nələr dəyişib?
- Dəyişiklik odur ki, Heydər Əliyev ideyaları qalib gəldi. Yadınızdadırsa, Heydər Əliyev necə inamla deyirdi: "Qarabağa gedəcəyik, Şuşaya, Laçına gedəcəyik!" Elə də oldu. İkincisi isə İlham Əliyevin 2003-cü ildə gələndə söylədiyi "Mən hər bir azərbaycanlının prezidenti olacağam!" sözü əbədi olaraq tarixə həkk olundu. Siyasətdə bir də dəyişən bu iki şəxsin ideyalarının dəyişməzliyi və müxalifətin sıradan çıxması oldu.
- Müxalifətin sıradan çıxmasını nə ilə əlaqələndirirsiniz?
- Hər bir cəmiyyətdə müxalifət var və olmalıdır da. Kifayət qədər ad çəkmək olar, amma onların fəaliyyəti xalqda ümid və inam oyatmır. Çünki onların hər biri iki böyük şəxsiyyətin ideyaları qarşısında məğlub oldu. Məsələn, ən ciddi arqumentlərdən biri Qarabağ idi. 44 günlük müharibə, 23 saatlıq antiterror əməliyyatında qalib gələn Prezidentə nə müxalifətliyi edə bilər bunlar? Vaxtilə Heydər Əliyev coğrafiya müəllimi kimi əlində xəritə Çində, ABŞ-də, Avropa ölkələrində Qarabağ məsələsini bütün aydınlığı ilə izah edirdi, bu məsələni İlham Əliyev də beynəlxalq təşkilatlarda daimi qaldırırdı. Ən sonda məsələ İlham Əliyevin "Dəmir yumruğu" ilə həll olundu.
- 1999-cu ildə Azərbaycan Xalq Cəbhəsinin 10 illik yubileyi Şəhriyar adına mədəniyyət evində keçirilmişdi. Tədbirə YAP-a rəsmən dəvət də göndərilmişdi. Yubileydə ideologiya şöbəsinin müdiri olaraq siz və partiyanın təşkilat şöbəsinin müdiri Siyavuş Novruzov iştirak etmişdiniz. Zaman keçdikcə isə iqtidar-müxalifət arasında münasibətlər bu kontekstdən tamamilə çıxdı. Bunu nə ilə əlaqələndirirsiniz?
- Siyasi mədəniyyət olduqca vacib, həm ictimai, həm də mənəvi stimuldur. Eyni zamanda, insan münasibətlərində vacib tənzimləyici rola malikdir. Müxalifət özünü layiqli müxalifət kimi aparmadı. Onların buraxdığı çox ciddi səhvlər oldu. Onlardan biri öz liderlərinə qarşı çıxmaları idi. Elçibəylə birlikdə onun guya silahdaşları, tərəfdaşları olanlar da namizədliklərini irəli sürərək, Əbülfəz Əliyevə qarşı ən böyük xəyanəti etdilər. Xalq gördü ki, bunlar bir-birinə hörmət etmirlər. Elçibəy haqqında murdar anektodlar yazıb, camaat arasında yayırdılar. Müxalifət dediklərimiz bir-birlərinə qarşı hörməti, münasibəti, qiyməti olmayan toplum idi. Gəncə hadisələrində hamısı bir-birini ifşa edir, söyürdü. Xalq gördü ki, onların içi, düşüncə tərzi bundan artıq deyil.
- 30 il əvvəlin parlament mühiti indi yoxdur...
- Parlament o zaman daha rəngarəng idi. Həmin dövrdə müxalifət nümayəndələri ilə ciddi söz davalarımız gedirdi. Bundan heç kim də incimirdi. İclas bitəndə hamı başını aşağı salıb gedirdi. Plüralizm, çoxsəslilik, çoxqütblülük, çoxrənglilik o zaman daha güclü idi.
- Həmin dövrdən hələ də çıxa bilməmisiniz, deyəsən..
- Elədir. Mən köhnə başla, əqidə və düşüncə ilə danışıram. 30 il əvvəl necə danışırdımsa, indi də eləyəm. Mənim məqsədim bütün əsaslarla camaata kömək etməkdir. İnsanların dərdi prizmasından etdiyim çıxışlar anlaşılmaz qarşılanır. Deyirlər ki, mən, Allah etməmiş, guya dövləti-hökuməti tənqid edirəm. Məsələn, sonuncu dəfə abidələrlə bağlı çıxışım. Çox hörmətli Sahibə xanım mənim adımdan üç söz dedi. Hansı ki, onların heç birini mən deməmişəm. Əslində, mənim çıxışım belə olub: "Bu abidələr pasportlaşdırılırsa, bunun sonrakı aqibəti nə olacaq? Onsuz da, bunların bir çoxu uçulub-dağılıb. Hamımız şimal zonasında görürük bunu. O abidələrin ömründən, sarayından gündə bir kərpic düşür. Yəni dağılıb gedir. Nəzarət olmur, ciddi nəzarət yoxdur bu abidələrə. Amma necə etmək olar? Bunları hansısa iş adamına vermək olar ki, "gəl bərpa elə, burada bir şey yarat".
Bunun başqa yolu yoxdur. Mən İsmayıllıdan başlayaraq Balakənə qədər nə qədər bu abidələrdən görmüşəm... Biz məsələ qaldırırıqsa, bunun sonrakı halını da düşünməliyik. Pasportlaşdırdıq, hə, nə olsun? Bəs sonra? Bax o sonranın cavabını tapmaq lazımdır. Bu abidələr milli mənsubiyyətimizin tarixidir. Orada bizim nələrimiz yatır, Allah bilir. Hələ birindən də istifadə edib dünyaya səs salan kino çəkdilər - "Qorxma, mən səninləyəm". Polad Bülbüloğlunun başçılığı ilə. O abidənin vəziyyəti necədir? "Daşınmaz abidələrin pasportlaşdırılması" sözünün əleyhinəyəm. Əcəba, bu nə ifadədir: daşınmaz abidələrin... Abidə elə abidədir də. Kimin ağlına gələr ki, Qız qalasının yerini dəyişdirsin? Əlaqədar orqanlar bu məsələ ilə bağlı sözlərini deməlidirlər. Həm Mədəniyyət Nazirliyi, həm Turizm Agentliyi və sair. Mən çıxış yolunu bunların iş adamlarına verilməsində görürəm. Onlar o yeri abadlaşdıra, məsləhətləşmələr yolu ilə orada nə iş görmək istəyirlər, müzakirə edə bilərlər. Görünür, bunların obyektində belə çoxlu tarixi yerlər var. Hamısına pul çatdırmaq olmur. İş adamları buna pul qoya bilərlər".
Amma dedilər ki, mən demişəm ki, pasportlaşdırma nəyə lazımdır? Elə söz deyərlər? Mən prosesin ikinci mərhələsi ilə maraqlanırdım. Mən o qalaların qorunması, filmdə istifadə edilən əşyaların, rekvizitin çıxarılaraq satılması, təbliğ olunmasının tərəfdarı idim. Məni anlamadılar və hörmətli spikerimiz Sahibə xanım məni jurnalistlərin dilinə saldı.
- Anlaşılmamağınızın səbəbi nədir? Bəlkə, qocalmısınız?
- Siyasətdə qocalmaq yoxdur. Mən özümü kifayət qədər müdrik biri hesab edirəm, dili, məntiqi əla bilən mütəxəssis hesab edirəm. Çünki mənim ilk ixtisasım Azərbaycan dili və ədəbiyyatı müəllimliyidir. Mən yerinə düşməyən sözü, ifadəni dərhal tuturam. O saat beynimə gəlir ki, xaric səsləndi. Ona görə "daşınmaz abidə" fikrinə qarşı çıxdım, onu da səhv başa düşdülər. Mən sözə qarşı çox həssasam. Hiss edirəm ki, mən nələrisə danışan kimi hörmətli Sahibə xanım nədənsə mənə irad bildirir. Heç başa düşmürəm. "Mən aşiqəm, hər sözüm aşiqanədir" (Füzuli). Mən Milli Məclisdə danışıram, sözlərimi deyirəm, mövqeyim bəllidir. İndi görürəm, fikirlərim iradla, top-tüfənglə qarşılanır deyə çox da danışmaq istəmirəm.
- Milli Məclisə bəzən avtobusla getdiyinizi görürük..
- Mənim heç vaxt maşınım olmayıb, heç indi də yoxdur. Hər yerə idarənin maşını ilə gedirdim. İndi də Milli Məclisə gedəndə 18 nömrəli avtobusla gedirəm, qayıdanda piyada metroya düşürəm. Tədbirlərə də bəzən köməkçimin maşını ilə gedirəm.
- Niyə maşın almamısınız?
- Pulum olmayıb.
- Buna cəmiyyətin inanması bir az çətin olacaq. Üç çağırış deputat olmusunuz, diplomat kimi fəaliyyətiniz olub, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yüksək vəzifə tutmusunuz. Azərbaycanda bu vəzifələri tutub maşını olmayan adam tapmaq mümkün deyil. Heç beş-altı minlik maşın da almaq imkanınız olmadı?
- Beş-altı minlik maşın nə maşın olacaqdı ki?! (gülür) Həm də özüm sürə bilmirəm. Krediti də sevmirəm. Kredit insanı özündən asılı edir, aldığın qədər faiz də ödəyirsən. Piyada gedib-gəlməyi qəbul edərəm, nəinki kreditlə maşın almaq.
- Heç dost-tanışınız olmadımı sizə maşın hədiyyə etsin?
- Mən kiməsə buna görə müraciət edə bilmərəm. Gedib kiməsə deyim, o da bir vəzifəli şəxsə nəsə desin. Lazım deyil belə şeylər. Kimdənsə asılı olmaq mənlik deyil. Mən Dini Komitədə işlədiyim müddətdə xidməti maşından istifadə etmişəm, başqa heç nə. Deyirsiniz ki, deputatsan. Lap tutaq ki, beş min manat maaş alıram. Mənim də qayğılarım var, həyat yoldaşım, nəvələrim... Özümün gündəlik, səhhətlə əlaqəli xərclərimiz var. Pulu alırsan, müalicələrə gedir. Mən oradan nə qənaət edib, pul yığıb maşın ala bilərəm?
- Suallarımıza ədəbiyyat adamı kimi cavab verirsiniz. Maraqlıdır, hələ də kitab oxuyursunuzmu?
- Oxuyuram.
- Kimləri?
- Əlimin altında beş-altı kitab var. "1984", Con Steynbeki oxuyuram, sonra qayıdıram Drayzerə. Ən çox müasir dövr ədəbiyyatından öz yaşıdlarımı - Seyran Səxavəti, Aqil Abbası, daha sonra Ramiz Rövşəni, Aqşin Yeniseyi, Qisməti, Əlizadə Nurini, Barat Vüsalı, Anarı... Mövlud Süleymanlıya dönə-dönə qayıdıram. Adını çəkmədiklərim mənimlə dalaşmasalar, yaxşıdır. (gülür) Qəzetləri mütləq şəkildə hər gün oxuyuram.
- 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüsünüz, 2004-cü ildən İdarə Heyətinin üzvü olmusunuz. Bu birliyin hazırkı fəaliyyəti ictimaiyyətdə birmənalı qarşılanmır. Siz birliyin fəaliyyətini necə qiymətləndirirsiniz, AYB konservativliyini qorumalıdırmı, ya gənclərə yer vermək vaxtı gəlib?
- Mən konservatizm sözünü Azərbaycan Yazıçılar Birliyinə aid etməzdim. Çünki onun başında dünyaşöhrətli yazıçı durur. Mənim də ürəyimdə var ki, Anardan sonra oraya kim gələ bilər... Amma tam səmimiyyətimlə deyirəm ki, Anar oradan gedən kimi Yazıçılar Birliyində qırğın olacaq və bu qurum ləğv ediləcək. Onu heç kim Anar kimi idarə edə bilməz. Anar çox yaxşı idarəçidir. Nə danışırsınız? Gənclər kifayət qədər təmsil olunurlar. Bundan başqa, Rəşad Məcid, Səlim Babullaoğlu, Elçin Hüseynbəyli, Əsəd Cahangir, Qəşəm Nəcəfzadə - hamısı cavandır. Onlar 10 ildir ki, gəlib katib olublar, Rəşad Məcid həm də müavindir. Birinci katib Çingiz Abdullayev də enerji baxımından gənclərdən heç geri qalmır. Anar müəllim orada kifayət qədər islahatlar apardı.
- Yazıçılar Birliyi sizə nə verə bilib? Kəramət Böyükçöl birliyin üzvü deyil, amma ən tanınmış yazara çevrilib...
- Kəramət imzası, davranışı, müəyyən xarakteri ilə tanına bilib. Özü, hətta atası haqqında tənqidi fikirlər söyləyən Azərbaycanda yeganə qələm adamıdır. Orijinal, istedadlı oğlandır, bunu danmaq olmaz. Onun özünəməxsus fikirləri, düşüncələri var. Bəzən o bizim görkəmli yazıçı, şairimiz haqqında tənqidi fikir deyir ki, məni öldürəsən, tapançanı alnıma dayayasan, mən yazıçı və qələm əhli ədəbimdən aşağı enib o sözü demərəm, amma gülləni qəbul edərəm. Başqa gənc yazarlar da var, amma onlar Kəramət kimi tanına bilmirlər. Kəraməti əsas tanıdan onun istedadı və cəmiyyətdə baş verən hadisələrə orijinal, özünəməxsus münasibətidir. Tam müstəqildir bu adam.
- Demək bir az da ədəbi kənara qoymaq, müstəqil olmaq lazımdır. Bu baxımdan, Azərbaycan Yazıçılar Birliyi yazıçıların müstəqilliyini əlindən alır?
- Xeyr, qətiyyən. Kim nə istəyir, yazsın. Anarın bununla bağlı nə bir təklifi, nə də fikri var. Hər bir adam azaddır, nə istəyir, yazsın. Həm də hökm deyil ki, Yazıçılar Birliyinin xətti ilə kitab çap edəsən, Allaha şükür, o qədər nəşriyyatlar var ki.
Mən Yazıçılar Birliyinin xətti ilə sovet dövründə ilk hekayələr kitabımı çap etmişəm. 1983-cü ildə "Körpü" adlı hekayəm 31 yaşımda çap edildi. Ondan sonra mən bütün kitablarımı öz hesabıma çap etdirdim.
- Özünüz də vurğulayırsınız, nəşriyyatların sayı çoxdur. Azad kapitalizmin dövründə SSRİ-dən qalan bir qurumun müstəqil Azərbaycanda fəaliyyət göstərməsi nə üçün lazımdır?
- Azərbaycan üçün lazımdır. Nə olursa-olsun, yazıçı millətin güvəndiyi, inandığı və etibar etdiyi adamdır. Milli Azadlıq Hərəkatının başında Sabir Rüstəmxanlı gedirdi. Onun "Ömür kitabı" 300 min nüsxə ilə çap olunurdu. O, millətin ən qeyrətli oğullarındandır.
- Siz İmişliyə tez-tez gedirsinizmi?
- Ayda iki dəfə Saatlıya və İmişliyə gedirəm. Sonuncu dəfə İmişliyə beş gün əvvəl getmişdim.
- Təmsil etdiyiniz İmişlidə 30 ildə nələr dəyişib? Hansı yenilikləri görürsünüz, hansı problemlər hələ də qalır?
- Yenilənmiş gözəl parkımız var. Sonuncu dəfə 9 mayda orada gözəl konsert keçirildi. 7-dən 70-ə hamı orada idi. Hər kəs öz güzəranı ilə məşğuldur. Müəllim müəllimliyini, həkim həkimliyini edir. Hər şey necə olmalıdırsa, elə də olur. Ola bilər ki, bəziləri tənbəlliyindən yaxşı yaşamırlar. Azad bazar iqtisadiyyatı bizim illərdir arzuladıqlarımızı bizə verdi. İndi fəaliyyətdə, qazanmaqda sərbəstlik var. Get, haradan istəyirsən, 1000 dənə ayaqqabı, köynək gətir, alverini qur, vergini ver. Bundan çox məharətlə istifadə edən adamlar oldu. İmişlidə də bazar iqtisadiyyatı qurulandan sonra iş adamları ortaya çıxdılar, varlandılar, onlar da bir çox imkansız adama kömək edirlər.