Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Babək prospektində yerləşən “Yeni təkər bazarı” ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Liderxeber.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bazar ərazisində bir-birinə bitişik tikilmiş mağazalarda baş verdiyi və havanın küləkli olması səbəbindən yayılma riskinin yüksək olduğu müəyyən olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bazar ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 200kv.m. olan 3 avtomobil ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyaları 90kv.m. sahədə, ümumi sahəsi 5kv.m. olan gözətçi köşkü və yaxınlıqda yığılmış 0.1kub.m. taxta altlıq yanıb.
Bitişik, o cümlədən bazar ərazisindəki digər obyektlər, park edilmiş avtomobillər yanğından mühafizə olunub.