Вернуться назад Распечатать

“Ərazini boş görənlər gətirib istədikləri zibili atırlar”

“Artıq bir müddətdir ki, 10 BF 346 nömrəli kanalizasiya maşını evimizin yaxınlığında yerləşən boş sahəyə hər gün müntəzəm şəkildə çirkab suları boşaldır”.

Bu şikayətlə Liderxeber.az-a paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsi, Tofiq Kazım küçəsində yaşayan vətəndaş Namiq Hüseynov müraciət edib. 

Vətəndaşın sözlərinə görə, həmin maşın bu işi qanunsuz olaraq görür. Şikayətçi deyir ki, ümumiyyətlə, ərazini boş görənlər istədikləri zibili gətirib ora atırlar: “Bu hal həm ətraf mühitin çirklənməsinə, həm də yaşayış mühitində dözülməz qoxu və antisanitariya şəraitinin yaranmasına səbəb olur. Ailəmiz, xüsusilə uşaqlar və yaşlılar bu vəziyyətdən çox əziyyət çəkir. Bildirmək istəyirəm ki, bu, ekoloji və sanitariya normalarının ciddi şəkildə pozulmasıdır”.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Sözügedən ərazidə yığılan tullantılar Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən müntəzəm olaraq təmizlənsə də, ətraf sahələrdə yaşayan sakinlər tərəfindən məişət və digər tullantıların həmin əraziyə atılması halları hələ də davam etdirilir. Sonuncu müraciətlə əlaqədar qeyd olunan ərazidə yenidən təmizlik işləri aparılacaq. 

Eyni zamanda çirkab su daşıyan avtomobillər vasitəsilə həmin əraziyə tullantı sularının boşaldılmasının qarşısının alınması ilə bağlı müraciətdə qeyd olunan nömrə nişanlı avtomobilin sahibinin müəyyən edilməsi və barəsində qanunamüvafiq qaydada lazımi tədbirlərin görülməsi üçün Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə məlumat verilib”.