Вернуться назад Распечатать

Bütün bunlar Türk dünyasının qələbəsi və uğurudur - ŞƏRH

Özbəkistanın idman sahəsində əldə etdiyi nailiyyətlər illərlə aparılan məqsədyönlü siyasətin, sistemli fəaliyyətin bariz nəticəsidir

Sevindiricidir ki, dost, qardaş Özbəkistan bu gün müxtəlif sahələrdə olduğu kimi, idman sahəsində də mühüm uğurlara imza atmaqdadır. Dövlət başçımız cənab İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bu günlərdə ölkəmizə rəsmi səfəri zamanı ali qonaqla birlikdə mətbuata verdikləri bəyanat zamanı bir çox məqamlarla yanaşı bu məsələni də xüsusi vurğuladı. İdmanda qazanılan uğurların, həm ölkənin beynəlxalq nüfuzunu artırdığını, həm də gənclər arasında vətənpərvərlik və sağlam həyat tərzinə marağı gücləndirdiyini qeyd edən Ölkə başçısı Özbəkistanın əldə etdiyi bu nailiyyətlərin illərlə aparılan məqsədyönlü siyasətin, sistemli fəaliyyətin və uzaqgörən liderliyin bariz nəticəsi olduğunu önə çəkdi.

Möhtərəm Prezident cənab İlham Əliyev Şavkat Miromonoviç Mirziyoyevi xüsusilə futbol üzrə Özbəkistan milli yığmasının dünya çempionatının final mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edərək, bunu təkcə idman nailiyyəti deyil, həm də ölkə miqyasında milli qürur doğuran tarixi bir hadisə olduğunu bildirdi. Əlbəttə ki, bu səviyyəli uğurlar böyük zəhmətin, fədakarlığın və düzgün strategiyanın nəticəsidir.

Son dövrlər özbək idmançıların dünya miqyasında qazandıqları uğurlar bu ölkənin idmanının doğru yolda olduğunu nümayiş etdirir. 

Son Yay Olimpiya Oyunlarında qardaş ölkə idmançıları parlaq çıxışlar edərək, beynəlxalq arenada ölkələrinin bayrağını ucaldaraq, xalqlarına böyük sevinc və qürur bəxş etdilər.

Cənab Prezident bütün bu nailiyyətlərin arxasında Özbəkistan rəhbərliyinin, xüsusilə Prezident Şavkat Miromonoviçin gənc nəslin sağlam ruhda yetişdirilməsinə, onların təhsilinə, fiziki və mənəvi inkişafına göstərdiyi xüsusi diqqət və qayğının dayandığını qeyd etdi.  Şübhə yoxdur ki, Özbəkistan idmançılarının uğur yürüşü bundan sonra da davam edəcəkdir.

Bütün bunlar isə son məqamda Türk dünyasının qələbəsi və uğurudur.
 
Vüsal Atayev;
Neftçala rayonu