Kənd Təsərrüfatı Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti və "FoodCity Agrokompleks" MMC-nin birgə təşkilatçılığı ilə Xaçmaz rayonunun 95 illik yubileyi ərəfəsində Xudat şəhərində yerləşən "FoodCity Agrokompleks"də "Aqrar Biznes" və "Şaftalı" festivalı keçirilib.
Liderxeber.az xəbər verir ki, tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə, Mahir Süleymanlı, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Aqrar Tədarük Təchizat ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, "FoodCity Agrokompleks" MMC-nin baş icraçı direktoru Anar Ağayev, Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli təşkilatların nümayəndələri, aqrar sahədə çalışan mütəxəssislər, iş adamları və sakinlər iştirak ediblər.
Tədbirdə Əkinçilik ET İnstitutunu (ƏETİ) direktor müavini Şikar Əhmədov təmsil edib. Festivalda institutun mandatına daxil olan bitki sortlarının toxum nümunələri, bukletlər, kitabçalar və digər nümunələr sərgilənib. Festival çərçivəsində rayonda istehsal olunan şaftalı sortları, bu meyvədən hazırlanan şirələr, şirniyyatlar və içkilər haqqında ətraflı məlumat verilib. Rayonda fəaliyyət göstərən fermerlər və ailə təsərrüfatları öz məhsullarını – şaftalı, fındıq, alma, armud və tərəvəz məhsullarını nümayiş etdirib, birbaşa istehsalçıdan alıcıya satış həyata keçiriblər.
"Aqrar Biznes" festivalı çərçivəsində ölkənin kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər öz məhsullarını, dövlət qurumları isə göstərdikləri xidmətləri nümayiş etdiriblər.
Ziyarətçilər müasir aqrotexniki vasitələrlə, bitki mühafizəsi preparatları, toxum nümunələri və innovativ texnologiyalarla yaxından tanış olmaq imkanı əldə ediblər.