İnzibati rayon kimi əsası1930-cu ildə qoyulmuş Kəlbəcər Azərbaycanın füsünkar təbiəti ilə seçilən rayonlarından biridir. Mənası qədim türk dilində “çay üstündə qala” olan Kəlbəcər, həm də ən qədim insan yaşayan məskənlərindən biridir.
Məlum olduğu kimi, ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən ermənilərin aktiv şəkildə havadarlarının köməyindən istifadə edərək Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi və bu iddialara qarşı o zamankı ölkə rəhbərliyi tərəfindən heç bir addımın atılmaması, uzun illər yaşamağa məcbur olduğumuz ağrılı işğalla üzləşməyimizlə nəticələndi. 1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edildi. İşğal zamanı 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü, insanlar itgin düşdü.
Mənfur düşmən işğal zamanı və ondan sonrakı dövrlərdə rayonun tarixi-mədəni abidələrini, yüzlərlə infrastruktur obyektlərini talan edərək dağıtmış, rayona milyardlarla manatla ölçülən ziyan vurmuşdur. Bu azmış kimi Azərbaycanın 30 ilə yaxın müddət ərzində sərvətlərini qanunsuz olar istismar etmiş, beynəlxalq səviyyədə cinayət törətmişlər. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsinə əsasən işğalçı qüvvələrin, yəni Erməni silahlı birləşmələrinin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan BMT tərəfindən qəbul edilmiş həmin Qətnaməni nəinki icra etmədi, əksinə daha böyük iddia və xülyalarla yaşamağa davam etdi. Bu iddialar düz 27 sentyabr 2020-ci ilə qədər davam etdi. Məhz ermənilərin bitib-tükənməyən təxribatlarına cavab olaraq başladımış və tarixə Vətən Müharibəsi kimi daxil olmuş 44 günlük döyüşlər Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. Düşmən düşünmədiyi, gözləmədiyi, təsəvvür belə etmədiyi şəkildə döyüş meydanında məhv edildi.
Daha böyük itgilərdən qaçınmaq üçün faktiki kapitulyasiya aktına imza atmağa məcbur olan rəsmi İrəvan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonunu bir güllə atılmadan Azərbaycana təhvil verməyə razı oldu. Kəlbəcər noyabr ayının 25-də tam şəkildə düşmən tapdağında təmizləndi. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva Kəlbəcər rayonuna səfər edərək, öz yurd-yuvalarına qayıdan kəlbəcərlilərlə görüşdülər. Ölkə başçısı sakinlərlə görüşündə tarixi fikirlər səsləndirərək, onlarına sevincinə şərik oldu. Bəli, bu gün Kəlbəcərdə həyata keçirilən işlər, reallaşdırılan layihələrin miqyası ölçüyəgəlməzdir. Böyük turizm potensialı olan Kəlbəcər ən qısa zamanda tarixi şöhrətini özünə qaytaracaqdır. Bu gün Kəlbəcərlilər, ümumən bütün qəlbi Azərbaycanla döyünən vətəndaşlarımız Ölkəmizin hər bir uğuruna ürəkdən sevinir!.
Süsən Qənbərova;
Neftçala rayonu