“Bakı Metropoliteni” QSC-də üztanıma texnologiyası ilə gedişhaqqı ödəniş sisteminin tətbiqi barədə danışıqlar aparılıb.
Liderxeber.az xəbər verir ki, bu barədə “AzInTelecom” MMC-nin Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev şirkətin media nümayəndələri üçün keçirdiyi təlimdə bildirib.
Onun sözlərinə görə, hazırda “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə üztanıma texnologiyası barədə məsələ müzakirə olunub və sınaqdan keçirilib.
F. Fərəcullayev qeyd edib ki, paralel olaraq Bakı metrosunda oxşar mexanizmin tətbiqi imkanları müzakirə olunur: “Belə bir sistemin yerüstü nəqliyyatda - avtobuslarda tətbiqi hava şəraiti, işıqlandırma, kameraların keyfiyyəti və digər texniki amillər kimi bir sıra çətinliklərlə bağlıdır. Buna görə də əvvəlcə sınaqlar keçirmək lazımdır, bundan sonra yekun qərar qəbul etmək mümkün olacaq”.