Вернуться назад Распечатать

Cəlilabadda Heydər Əliyev Fondunun inşa etdiyi məktəb binası istifadəyə verildi - Fotolar

Cəlilabad rayonunun Göytəpə şəhərində yeni məktəb binası istifadəyə verilib.

Liderxeber.az xəbər verir ki, Vasif Hüseynov adına 2 nömrəli tam orta məktəb üçün yeni binanın inşasına Heydər Əliyev Fondu tərəfindən 2024-cü ilin oktyabr ayında başlanılmışdı. Qısa müddətdə tikinti işləri başa çatdırılıb, müasir tələblərə cavab verən təhsil ocağı inşa olunub.

Üç mərtəbəli, iki korpusdan ibarət məktəb binası 625 şagird yerlikdir. Burada sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb otaqları, texnologiya kabinetləri, müəllimlər otağı, texniki otaqlar, qarderob, kitabxana, yeməkxana, akt, idman və gimnastika zalları, açıq mini stadion – idman meydançası fəaliyyət göstərəcək.

Məktəb binası zəruri mebel və avadanlıqlarla təchiz olunub, fənn kabinetləri və laboratoriyalar isə müasir əyani vəsaitlərlə təmin edilib. Bundan əlavə, məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.