Bu ilin yanvar-sentyabr aylarında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 2 milyard 567.5 milyon manat vəsait xərclənib.
Liderxeber.az xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin 2025-ci ilin 9 ayı üzrə dövlət büdcəsinin icrasına dair hesabatında əks olunub.
Məlumata görə, vəsaitin əsas hissəsi - 2 milyard 234.8 milyon manat - infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilib: Avtomobil yollarının layihələndirilməsi və tikintisinə 1 milyard 525.1 milyon, yeni yaşayış komplekslərinin tikintisinə 461.1 milyon, təhsil, səhiyyə, mədəniyyət və idman yönümlü sosial layihələrə 291.7 milyon, ərazilərin minalardan təmizlənməsinə 41 milyon manat sərf olunub.
Digər infrastruktur istiqamətləri üzrə də maliyyələşmə davam etdirilib: dəmiryolu xətlərinin tikintisinə 107.3 milyon, elektrik təchizatı işlərinə 48 milyon, su xətləri, kollektorlar və digər qurğulara 44.3 milyon, sənaye parkları və infrastrukturun yaradılmasına 27.7 milyon, geoloji kəşfiyyat işlərinə 7.1 milyon, Şuşa, Xankəndi və Laçında kanat yolunun tikintisinə 6.6 milyon, digər zəruri işlərə 7.6 milyon manat xərclənib.
Bundan əlavə, dövlət büdcəsinin digər xərc maddələri çərçivəsində nəqliyyat sektoruna 328.7 milyon manat, məskunlaşma və şəhərsalma-arxitektura işlərinə isə 4.7 milyon manat ayrılıb.