Вернуться назад Распечатать

Bakıda avtobus yola qəfil çıxan piyadanı vurdu

Bakıda “BakuBus” MMC-nin istismarında olan 46 nömrəli avtobus piyadanı vurub.

Liderxeber.az xəbər verir ki, hadisə bu gün saat 10:44 radələrində paytaxtın 8 Noyabr prospekti 123 ünvanında qeydə alınıb.

“BakuBus” MMC-dən sorğumuza cavab olaraq bildirilib ki, hadisə piyadanın qəfil yola çıxması nəticəsində baş verib:

“Sürücünün verdiyi ilkin məlumata əsasən, piyadanın piyada keçidi nəzərdə tutulmayan hissədən qəfil yola çıxması nəticəsində sürücü nəqliyyat vasitəsini dayandıra bilməyib və ona xəsarət yetirib. Yaralı dərhal təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. Hadisə barədə aidiyyəti qurumlara məlumat verilib”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirilib ki, bu gün saat 10:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (kişi) ilkin tibbi xidmət göstərilib, müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyent Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağırdır”.