İranın rabitə və informasiya texnologiyaları naziri Seyid Səttar Haşimi Azərbaycanda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) iştirak etmək üçün bu gün Bakıya gəlib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, səfərin əsas məqsədi qlobal texnologiya idarəçiliyi sahəsində İranın payını artırmaq və texnoloji diplomatiya siyasətini gücləndirməkdir.
Konfransın əsas mövzuları arasında kibertəhlükəsizlik, süni intellekt, rəqəmsal bacarıqların inkişafı və müasir texnologiya sahələri yer alacaq.
İranlı nazir Azərbaycan, Malayziya, Hindistan, Pakistan və Əlcəzair rəsmiləri ilə ikitərəfli görüşlər keçirərək, texniki əməkdaşlığın genişləndirilməsi, kibertəhlükəsizliyin gücləndirilməsi məsələlərini müzakirə edəcək.
Bildirilir ki, 17-28 noyabr tarixlərində keçiriləcək tədbirə 150 ölkədən 1 500-dən çox nümayəndə qatılacaq.