Azərbaycanda nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarına dair AZS 599:2025 dövlət standartına daha bir yenilik əlavə edilib.
Liderxeber.az xəbər verir ki, yeniliyə əsasən, Azərbaycanda nəqliyyat vasitələrinin region kodu həm 2, həm də 3 rəqəmli olacaq. Beləliklə, yeni veriləcək bir sıra nömrələrdə 6 rəqəm mövcud olacaq.
Qeyd edək ki, son illərdə ölkədə nəqliyyat vasitələrinin sayının kəskin artması 10, 90, 99 seriyalı nömrələrin tükənməsinə gətirib çıxarıb və bir sıra hərflərin kombinasiyasından ibarət nömrələr də təqdim edilib.
Xatırladaq ki, standarta edilmiş yeniliklərə əsasən, avtomobil nömrələrində hərf və rəqəmlər arasındakı defis işarələri və çip elementləri də ləğv olunub.
***
Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev sorğumuza cavab olaraq bildirib ki, 6 rəqəmli dövlət qeydiyyat nişanları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir: “Hazırda avtonəqliyyat vasitələrinə təhkim olunan dövlət qeydiyyat nişanlarının tərtibatında hər hansı dəyişiklik nəzərdə tutulmur. Gələcəkdə bu istiqamətdə hər hansı yenilik olacağı təqdirdə, bununla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılacaq”.
