Böyük Britaniyanın nüfuzlu “The Institute of Certified Financial Managers” (ICFM UK) mərkəzinin Azərbaycandakı rəsmi tədris mərkəzi olan Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) tərəfindən tədris olunan “Diploma in International Financial Reporting Standards” (IFRS), “Professional Internal Auditor Diploma” (PIA), “Diploma in Financial Management and Financial Analysis” (FM) və “Professional Financial Manager Diploma” (PFM) proqramları üzrə beynəlxalq diplomlar aldıqdan sonra, azərbaycanlı mütəxəssis Niyaməddin Quliyev Böyük Britaniyanın London şəhərində keçirilən, 142 ölkədən 600 nümayəndənin iştirak etdiyi beynəlxalq sammitdə maliyyə və mühasibatlıq sahəsinin ən nüfuzlu mükafatlarından olan “LUCA Awards 2025” mükafatına layiq görülüb.
Maliyyə dünyasının “Oskar”ı kimi tanınan bu prestijli mükafat peşəkar mühasibatlığın banilərindən biri sayılan Luka Paçiolinin şərəfinə təsis edilib. Ölkəmizin tanınmış qurumlarını təmsil edən APFM üzvləri də müxtəlif nominasiyalar üzrə “LUCA Awards 2025” mükafatına layiq görülüblər. Mükafatlar rəsmi ziyafətdə “ICB/ICFM Global” təşkilatının icraçı direktoru Ami Kopeland tərəfindən təqdim edilib.
Tədbirin fəxri qonağı - Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin birinci katibi Eltay Aslanov APFM üzvlərini təbrik edərək onların beynəlxalq platformadakı nailiyyətlərini yüksək qiymətləndirib.
Sammit dünyanın aparıcı şirkətlərinin nümayəndələrini, beynəlxalq qurumların təmsilçilərini, maliyyə, mühasibat, vergi, audit, maliyyə nəzarəti, iqtisadiyyat və satınalma sahələrində çalışan mütəxəssisləri bir araya gətirib. Tədbirdə qlobal mühitdə baş verən dəyişikliklərə uyğunlaşma, etik risklər, hesabatlılıq, davamlılıq və rəqəmsallaşma ilə bağlı yeni çağırışlar müzakirə olunub.
Noyabrın 19-da “ICB/ICFM Global” nümayəndələri üçün Britaniya Parlamentində işgüzar nahar təşkil edilib və Azərbaycan nümayəndə heyəti də tədbirdə iştirak edib. “ICB/ICFM Global”ın prezidenti Qarri Karter və icraçı direktor Ami Kopeland çıxış edərək təşkilatın 142 ölkədə standartların yüksəldilməsi, hesabatlılığın gücləndirilməsi və kiçik müəssisələrə dəstək sahəsində oynadığı mühüm rolu vurğulayıblar. Onlar, həmçinin sammit çərçivəsində Azərbaycan nümayəndələrinin fəal iştirakına görə xüsusi təşəkkürlərini bildiriblər.

