İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 678 milyon manat kredit verilib.
Bunun 124 milyon manatı bu ilin yanvar-noyabr aylarının payına düşüb.
Liderxeber.az xəbər verir ki, fondun zəmanət və subsidiyası ilə maliyyələşdirilən layihələr çərçivəsində isə 6 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyevin 29 noyabr 2017-ci il tarixli, 1691 nömrəli Fərmanı ilə ölkədə ilk dəfə sahibkarların manatla aldıqları kreditlərə zəmanət və həmin kreditlər üzrə faiz subsidiyalarının verilməsinə başlanılıb.
Eyni zamanda, dövlət başçısının 24 avqust 2022-ci il tarixli fərmanına əsasən, qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin (qiymətli kağızlar buraxmaq hüququna malik olan və bu kağızları öz adından dövriyyəyə buraxaraq onlardan maliyyə vəsaiti cəlb edən hüquqi şəxs və ya dövlət orqanı-red.) maliyyə vəsaitlərinə əlçatanlığının artırılması məqsədilə sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb. Həmçinin, iki yeni alətin - sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmlərinin tətbiqinə başlanılıb.