Вернуться назад Распечатать

“Vətən Müharibəsi Zəfəri” adlı tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda “Vətən Müharibəsi Zəfəri” adlı tədbir keçirilib.

Liderxeber.az xəbər verir ki, tədbirdə Vətən uğrunda canlarından keçən qəhrəman Vətən oğullarının ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, o cümlədən qazilər və institutun kollektivi iştirak ediblər. 

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) direktoru Faiq Xudayev tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamladı. Sonra qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, onların xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub. 

F.Xudayev çıxışı zamanı bildirib ki, bu zəfərin əsasında Azərbaycan xalqının birliyi, inancı, Vətən sevgisi və fədakarlığı dayanır. 2020-ci il 27 sentyabr tarixində başlayan Azərbaycan xalqının haqq savaşı-Vətən müharibəsi azərbaycanlıların böyüklüyünü, əzmini və qəhrəmanlığını bütün dünyaya göstərdi. Uzun illər düşmən işğalında olan, torpağının üstü də, altı da talan edilən Qarabağ və Şərqi Zəngəzur əraziləri Vətən müharibəsi Zəfəri ilə öz azadlığına qovuşdu. 44 gün ərzində Azərbaycan Ordusunun cəsur döyüşçüləri öz arxalarında Azərbaycan xalqının tükənməz gücünü və birliyini hiss edərək düşməni - Ermənistan ordusunu darmadağın etdi və bununla da Qafqazda uzun illər mövcud olan erməni mifini tarixin zülmətinə göndərdi. Vətən müharibəsində Azərbaycan xalqının və əzəmətli Ordusunun qazandığı Zəfər dövlətçilik tariximizə qızıl hərflərlə həkk olunaraq Azərbaycanın növbəti qələbələrinin açarına çevrildi. Daha sonra ƏETİ-nin elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova “Vətən Müharibəsi Zəfəri” adlı təqdimatla çıxış edib. 

O bildirib ki, ƏETİ-nin alimləri tərəfindən yaradılan sortlara Vətən uğrunda canlarından keçən şəhidlərin adı verilib: “Babək 79” yumşaq buğda sortu, “Emin 98” yumşaq buğda sortu, “Xudayar” bərk buğda sortu, ”İlqar 73” bərk buğda sortu, “Mübariz” yumşaq buğda sortu, “Polad” bərk buğda sortu, “Yasən 74“ yumşaq buğda sortu, “Zaur 95” bərk buğda sortu.

Tədbirdə bu sortlardan hazırlanmış çörəklər də nümunə olaraq iştirakçılara nümayş edilib və qəhrəman oğulların ailələrinə təqdim olunub. 

Sonra şəhidlərin adı verilən sort müəlliflərindən Sevda Hacıyeva, İradə İbrahimova və Sevda Abdulbaqiyeva çıxış edərək sortlara igid oğullarımızın adının verilməsi ilə bağlı məlumat veriblər.  

Tədbirdə çıxış edən 188 saylı məktəbin şağirdlərinin, eləcə də institutun əməkdaşları Rəhminə Zamanovanın “Ana mən şəhidəm, şəhid!” və Əsmər Həsənovanın “Biz hər yerdəyik!” adlı şeirləri maraqla qarşılanıb.  

Tədbirin yekununda Şəhid ailələrinin, Babək Allahverdiyevin, Zaur Dövlətovun, Xudayar Yusifzadənin ailə üzvlərinin çıxışları dinlənilib.

Sonda institutun direktoru təşəkkür nitqi ilə çıxış edib və xatirə şəkilləri çəkilib.