Вернуться назад Распечатать

Neftçalanın icra başçısı səyyar görüş keçirib

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Dördlər kəndinin sakinləri ilə səyyar görüş keçirib.
 
Keçirilən növbəti səyyar vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
 
İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
 
Xol Qarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Dördlər kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.
Çıxışçılar “Heydər Əliyev-dövlətimizin əbədi müstəqillik  tarixini yazan Lider” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafı yolunda misilsiz xidmətlər göstərən, milli tariximizin ən möhtəşəm simalarından biri kimi xalqın yaddaşında əbədi yer alıb. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, strateji düşüncə tərzi və milli maraqlara söykənən siyasi fəaliyyəti müstəqil Azərbaycanın ideya əsaslarını müəyyən etməsi, ölkəmizin gələcək inkişaf istiqamətlərini dəqiq şəkildə formalaşdırıb.
 
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, milli müstəqilliyimizin qorunub saxlanılmasında və inkişaf etdirilməsində misilsiz xidmətlər göstərən görkəmli siyasi xadimdir. Ulu Öndərin uzaqgörənliyi, dərin dövlətçilik təfəkkürü və qətiyyətli liderliyi müasir Azərbaycanın ideoloji, siyasi və institusional əsaslarını formalaşdırıb. XX əsrin sonlarında ölkəmizin üzləşdiyi ciddi sınaqlar fonunda Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışı müstəqil dövlətimizin taleyində dönüş nöqtəsi olub. Ümummilli Lider qısa müddətdə ölkədə sabitlik yaradıb, vətəndaş qarşıdurmasının qarşısını alıb, idarəetmə sistemini bərpa edib və Azərbaycanın dövlət kimi mövcudluğunu təmin edib. Ulu Öndərin təşəbbüsü ilə həyata keçirilən siyasi və iqtisadi islahatlar, xüsusilə də “Əsrin müqaviləsi” kimi strateji əhəmiyyətli layihələr Azərbaycanın inkişafının təməlini qoyub, ölkəmizi regionda etibarlı tərəfdaş və mühüm geosiyasi aktora çevirib. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi uzunmüddətli inkişaf xətti bu gün də Azərbaycan dövlətçiliyinin ideya dayağı olaraq yaşamaqdadır.
 
RİH-in başçısı bildirib ki, Prezident cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasətini müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirərək Azərbaycanı yeni mərhələlərə yüksəldib. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz sürətli sosial-iqtisadi yüksəliş yoluna qədəm qoyub, qlobal layihələrin təşəbbüskarı və iştirakçısı kimi beynəlxalq arenada nüfuzunu daha da artırıb. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi sistemli islahatlar iqtisadiyyatın dayanıqlığının güclənməsinə, əhalinin rifahının yüksəlməsinə və ölkənin modern dövlət modeli kimi formalaşmasına mühüm töhfə verib. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi diplomatik xətt Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirib, regional əməkdaşlığa və təhlükəsizliyə əhəmiyyətli təsir göstərib. Ölkə rəhbərinin qətiyyətli və prinsipial siyasəti Azərbaycanın milli maraqlarının qorunmasını təmin edən əsas amillərdəndir. Dövlət başçısının rəhbərliyilə ölkəmiz müasir infrastruktur layihələri, innovativ idarəetmə modeli və genişmiqyaslı sosial proqramların icrası ilə fəal inkişaf mərhələsinə qədəm qoyub.
 
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
 
Səyyar qəbul zamanı vətəndaşlar, su bulaqlarının tikilməsi, daxili yolların təmiri, elektrik təsərrüfatının yenilənməsi, mərasimin evinin inşa olunması üçün yer ayrılması və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
 
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.