Suverenliyimizin tam bərpa olunması və Konstitusiyamızın 30 ilinin tamam olması ilə əlaqədar “Konstitusiya və Suverenlik” ilində Məhtərəm Prezident cənab İlham Əliyev tərəfindən irəli sürülmüş amnistiya təşəbbüsü 20 minə yaxın şəxsi əhatə etməklə müasir Azərbaycanın tarixində ən böyük akt kimi yadda qalacaqdır.
Bu təşəbbüs Dövlət başçımızın humanizm və mərhəmət prinsiplərinə yüksək önəmini nümayiş etdirir və həmrəyliyin gücləndirilməsinə yönəlmiş mühüm addımdır. Əminliklə deyə bilərik ki, bu qərar çox mühüm ictimai-siyasi, hüquqi və mənəvi bir addımdır. Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi naminə aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il 19–20 sentyabr tarixlərində keçirilmiş antiterror tədbirlərində iştirak etmiş şəxslərin, habelə həmin əməliyyatlar zamanı həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatları nəticəsində əlil olmuş şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Layihə, eyni zamanda qadınlara, 60 yaşına çatmış şəxslərə, cinayət törədərkən yetkinlik yaşına çatmayanlara və digər kateqoriyalara da şamil olunur. Amnistiyadan yararlanacaq şəxslərin gələcəkdə qanunlara hörmətlə yanaşaraq dövlətimizin inkişafına töhfə verəcəklərinə inanırıq.
Ümumiyyətlə amnistiya aktları humanizm, mərhəmət və sosial ədalət prinsiplərinə əsaslanan hüquqi mexanizmlərdən biridir və müəyyən kateqoriyadan olan şəxslərin cinayət məsuliyyətindən və ya cəzadan tam və ya qismən azad edilməsini nəzərdə tutur.
Amnistiya aktlarının əsas məqsədi cəmiyyətə təhlükə yaratmayan, törətdiyi əmələ görə islah olunma potensialı olan şəxslərə yenidən sosial həyata qayıtmaq imkanı yaratmaqdır. Bəli, Azərbaycanda amnistiya aktları yalnız hüquqi prosedur deyil, eyni zamanda dövlətin sosial məsuliyyətini, ədalət və mərhəmət dəyərlərinə sadiqliyinin ifadəsidir. Prezidentin bu təşəbbüsü xalqımızın həmrəyliyinə, cəmiyyətlə dövlət arasında etimadın daha da möhkəmləndirilməsinə və hüquqi dövlət prinsiplərinin dərinləşməsinə böyük töhfə verəcəkdir.
Fatimə Gözəlova;
Neftçala rayonu