2025-ci il 30 dekabr tarixində Qərbi Azərbaycan İcması Dərələyəz mahalı Paşalı rayonu icma sədrlərinin illik fəaliyyət planının nəticələrinə dair yekun iclası keçirilmişdir.
Liderxeber.az xəbər verir ki, tədbirdə Göyçə və Dərələyəz mahalının koordinatoru İman Məmmədov, Keşkənd icmasının sədr müavini Məhəmməd Rəsuloğlu, Qadınlar şurasının sədri Xatirə Mehdiyeva, İstisu icmasının sədri Alı Alıyev, Köçbək icmasının sədri Akif Pirəliyev, Kotanlı icmasının sədri Əbülfəz Şahverdiyev, Her-her icmasının sədri Afaq Sadıqova, Arınc icmasının sədri Nigar Həsənova, Gabud icmasının sədri Dağıstan Xıdırov, Gomur icmasının sədr müavini Maşan Qəhrəmanov və Qərbi Azərbaycan kuboku uğrunda futbol çempionatının Paşalı gənclərindən ibarət olan Paşalı komandasının üzvləri iştirak etmişdir.
İclası giriş sözü ilə açan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, Paşalı rayonunun icma sədri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev ötən il ərzində həyata keçirilən tədbirlər və görülən işlərə nəzər salaraq 2026-cı ildə qarşıda duran vəzifələrə keçid almışdır. 2025-ci il üçün tədbirlər planının yerinə yetirilmə vəziyyətini icma sədrlərinin diqqətinə çatdırmışdır. Qeyd olunmuşdur ki, Qərbi Azərbaycanla bağlı görülən işlərdə-tarixi həqiqətlərin gənc nəslə ötürülməsində əzəli-əbədi torpaqlarımızın hər qarışına bələd olan insanlarımızın rolu böyükdür. Odur ki, il ərzində həmin insanlar, o cümlədən Paşalı ağsaqqalı ... müəllim ziyarət olunmuşdur. Yaşlı sakinlərlə görüşlərin təşkili, həm də ona görə əhəmiyyətlidir ki, ən azından evdəki gənc nəsil örnək götürür. Faiq Xudayev həmçinin İstisu, Her-her icmalarının fəallığını yüksək dəyərləndirmiş, o cümlədən İstisu icmasının 18 oktyabrda Xızıda, Her-her icmasının 8 dekabrda Tərtərdə keçirdiyi unudulmaz görüşlərin, xüsusən də gənclərin yaddaşlarında iz buraxacağını dilə gətirmişdir. Sədr Paşalı futbol komandasının zəhmətini xüsusilə qeyd etmiş, gənclərə pul mükafatını təqdim etmişdir.
Dəvət olunmuş qonaqlar-İman müəllim və Məhəmməd Rəsuloğlu Paşalı rayonunun fəaliyyətini yüksək qiymətləndirdiklərini və bütün bu uğurların icma sədri Faiq Xudayevin peşəkarlığının, təşkilatçılıq qabiliyyətinin sayəsində daha da artacağına, səs-səda salacağına inandıqlarını bildirdilər.
Sonra İstisu icmasının sədri Alı Alıyev fikirlərini bölüşmüşdür. İstisu icmasında görülən işlər və tədbirlərin reallaşdırılması üçün büdcənin mövcudluğunu vurğulamış və artıq bu istiqamətdə səmərəli addım atıldığını qeyd etmişdir. İcma sədri əlavə etdi ki, İstisu icmasının tərkibinə daxil olan bəzi üzvlərin – yaşlı insanların, ağsaqqqalların ziyarətinə gedilərkən, yüksək balla ali məktəbə daxil olmuş tələbələrlə görüş keçirərkən həvəsləndirici hədiyyələrin təqdimatı və s. İstisu icmasının büdcəsi hesabına qarşılanır. Çünki bu gün həmin gənclərə göstərilən diqqət qayıdış prosesində onların rolunun xüsusi olmasının göstəricisidir. Planların gerçəkləşməsində gənclərin töhfəsi böyük olacaqdır və biz buna inanırıq”.
Digər icma sədrləri də çıxış edərək yurd yerlərimizə təhlükəsiz şəkildə qayıda bilmək arzusunda olduğlarını dilə gətirmişlər. Bunun üçün bölgələrdə məskunlaşmış əhali arasında gənclərin fəal olmasına, təbliğatın gücləndirilməsi istiqamətində işlərin davam etdirilməsinə çalışacaqlarını bildirmişlər.
Çıxışlarda o da qeyd olundu ki, Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisindən kütləvi deportasiya olunması nəticəsində öz dədə-baba yurdlarından didərgin düşmüş insanların və onların varislərinin hüququnun bərpası, ləyaqətli şəkildə, norma daxilində nail olmağa çalışırıq və soydaşlarımızı bu haqq işimizdə birliyə çağırırıq.
İclasın gedişində geniş müzakirələr aparılmış, təklif və tövsiyələr dinlənilmişdir. Qərbi azərbaycanlılara məxsus milli-mədəni irsimizin daha böyük auditoriyaya çatdırılmasının vacibliyi önə çəkilmişdir.
Daha sonra bayram nemətləri ilə bəzədilmiş süfrə arxasında ellilərin Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il arzuları dinlənilmişdir.
Sonda isə xatirə fotosu çəkdirilmişdir.