Вернуться назад Распечатать

Ölkənin sosial-iqtisadi həyatında keyfiyyətcə yeni mərhələ - ŞƏRH

Azərbaycanın uzunmüddətli inkişaf strategiyası yalnız bu günün deyil, gələcək onilliklərin də çağırışlarını nəzərə alır.

Möhtərəm Prezident cənab İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər Azərbaycanın bir çox istiqamətlər üzrə son illərdə keçdiyi inkişaf yolunun və əldə etdiyi nailiyyətlərin ümumiləşdirilmiş mənzərəsini əks etdirir. Dövlət başçısı nitqində artıq Azərbaycanda əsas infrastruktur məsələlərinin öz həllini tapdığını qeyd edərək, bunun uzunmüddətli, ardıcıl və məqsədyönlü dövlət siyasətinin bariz göstəricisi olduğunu vurğulamışdır.

Məlum olduğu kimi son iyirmi il ərzində ölkədə bir neçə regional inkişaf proqramı qəbul edilmişdir. Hər biri beş ili əhatə edən bu proqramlar uğurla icra olunaraq Azərbaycanın hərtərəfli inkişafına xidmət etmişdir. Həmin proqramlar təkcə paytaxt Bakını deyil, respublikanın bütün bölgələrini əhatə etmiş, regionlar arasında tarazlı inkişafın təmin olunmasına xidmət etmişdir.

Cənab Prezident qeyd etmişdir ki, həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri nəticəsində ölkənin sosial-iqtisadi həyatında keyfiyyətcə yeni mərhələ başlanmışdır. Yol-nəqliyyat infrastrukturu, enerji təchizatı, qazlaşdırma, su və kanalizasiya sistemləri, sosial obyektlərin tikintisi və yenidən qurulması sahəsində görülən işlər vətəndaşların rifah halının yüksəlməsinə birbaşa təsir göstərmişdir. Xüsusilə enerji sahəsində əldə olunan nailiyyətlər Azərbaycanın iqtisadi müstəqilliyini və dayanıqlılığını təmin edən əsas amillərdən biri kimi dəyərləndirilmişdir.

Faktdır ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə ölkədə ciddi enerji qıtlığı mövcud idi, elektrik enerjisinin istehsalı tələbatı tam ödəmirdi. Ölkəmiz hətta xaricdən elektrik enerjisi idxal etməyə məcbur qalırdı. Həmin dövrdə enerji sistemində mövcud olan texniki qüsurlar, köhnəlmiş infrastruktur və qeyri-sabit təchizat iqtisadi inkişaf üçün ciddi maneələr yaradırdı. Bu gün isə vəziyyət tamamilə dəyişmişdir. Görülmüş ardıcıl tədbirlər nəticəsində ölkədə güclü enerji generasiya potensialı formalaşdırılmışdır.  Azərbaycanın uzunmüddətli inkişaf strategiyası yalnız bu günün deyil, gələcək onilliklərin də çağırışlarını nəzərə alır. İnfrastruktur sahəsində əldə olunan nailiyyətlər, xüsusilə enerji sektorunda formalaşdırılmış güclü potensial, ölkənin iqtisadi dayanıqlığını, regional liderliyini və beynəlxalq mövqelərini daha da möhkəmləndirir.

“Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” isə məhz bu möhkəm təməl üzərində qurularaq, paytaxt və ətraf ərazilərin dayanıqlı inkişafını, əhalinin həyat keyfiyyətinin daha da yüksəldilməsini hədəfləyir.

Rəhim İmanov
Neftçala rayonu