Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan vətəndaşları - “Abu Zər əl-Mühacir” dini ləqəbli, 2000-ci il təvəllüdlü İlqar İlham oğlu Quliyev, “Abdurəşid” dini ləqəbli, 2005-ci il təvəllüdlü Amin Elşad oğlu Piriyev və “Abdurrahman əl-Azəri” dini ləqəbli, 2005-ci il təvəllüdlü Elvin Sənan oğlu Əlizadənin dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb.
Liderxeber.az DTX-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, adıçəkilən şəxslər İŞİD terror təşkilatının “Vilayəti-Xorasan” silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycan Respublikasındakı səfirliyinə terror hucumu etmək üçün silah qismində istifadə edilən predmetlər əldə edib səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX-nin əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə, dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.