2025-ci ildə sahibkarlığın təşviqi, gənclərin və qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması, innovativ biznes təşəbbüslərinin dəstəklənməsi, maliyyə resurslarına çıxış və alternativ maliyyələşmə və s. istiqamətlərdə bir sıra layihə və proqramlar həyata keçirilib.
Liderxeber.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Bildirilib ki, KOBİA tərəfdaş qurumlarla birgə reallaşdırdığı "Qarabağ KOB-ları", "Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar", "Bizdən biznesə" startap müsabiqəsi, "Gənclərin biznes emalatxanası", "Biznes Akademiyası", "İnvestisiya səyahəti", "Regional tərəfdaşların inkişafı" və s. layihələrdən ümumilikdə 300-ə yaxın sahibkar, biznesə başlamaq istəyən şəxs və startap faydalanıb.
Layihələr Bakı şəhərini və ölkə regionlarını əhatə edib. Bu layihələr çərçivəsində iştirakçıların biznes biliklərinin artırılması üçün təlimlər, ofis və istehsalat ziyarətləri, dövlət qurumları ilə görüşlər, master-klaslar təşkil olunub, sahibkarlara müxtəlif avadanlıqlar verilib, startap layihələri maliyyələşdirilib.
Sahibkarlar və digər maraqlı tərəflər KOBİA-nın tərəfdaş qurumlarla birgə 2026-cı ildə həyata keçirəcəyi müxtəlif layihə və proqramlar barədə Agentliyin www.smb.gov.az internet səhifəsini və sosial media hesablarını izləməklə məlumat əldə edə bilərlər.