Neftçala Rayon İcra Hakimiyyətinin “Neftçala rayonunun 2025-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr haqqında” hesabat yığıncağı keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun müdiri Məmmədiyə Məmmədov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı, Günay Ağamalı, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, YAP, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əmək kollektivi, şəhid ailələri, müharibə əlilləri və veteranları, ağsaqqallar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Neftçala rayonu Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış əzəmətli abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olan hərbi qulluqçuların əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tədbirdə geniş məruzə ilə çıxış edərək diqqətə çatdırıb ki, Ulu Öndərin müəyyən etdiyi dövlətçilik strategiyası, milli maraqlara əsaslanan siyasi xətti bu gün onun layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən zamanın çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Azərbaycan xalqının tarixində şanlı səhifə açan 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə işğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, müasir yaşayış məntəqələrinin salınması, mühüm infrastruktur layihələrinin icrası dövlətimizin iqtisadi gücünü və siyasi iradəsini bir daha nümayiş etdirir.
2025-ci ildə rayonda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 346844,6 min manatlıq və ya 2024-cü ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,1 faiz çox məhsul istehsal edilib. Əhalinin hər nəfərinə düşən ümumi məhsulun həcmi 3949,2 manata bərabər olub və 2024-cü ilin eyni dövrünə nisbətən 5,0 faiz artıb. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən hesabat ilində 86948,6 min manatlıq sənaye məhsulu istehsal edilib.
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2025-ci ildə avtomobil nəqliyyatı ilə 428 min ton yük, 5641 min nəfər sərnişin daşınıb, bu da ötən illə müqayisədə yük daşınması 5,7 faiz, sərnişin daşınması isə 6,0 faiz artıb.
"Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası ilə bağlı rayonun 1 şəhər, 3 qəsəbə, 42 kəndində 18475 təsərrüfatın yeni nəsil GPON texnologiyaları əsaslı rabitə infrastrukturunun qurulması, yüksək sürətli dayanıqlı internet şəbəkəsinin quraşdırılması həyata keçirilib.
Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində hesabat ilində rayon ərazisində 107 yeni iş yerləri açılıb, onlardan 15-i yeni, 89-u mövcud, 3-ü isə fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlar tərəfindən açılan yeni iş yerləridir.
Hesabat ilində ötən illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 6,1 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 3,4 faiz , bitkiçilik məhsulları istehsalı 9,7 faiz artıb.
Hesabat dövründə rayon ərazisndə Kür çayı və Akkuşa kanalından ümumilikdə 447 milyon 280 min kub metr su qaldırılıb.
2025-ci ilin kənd təsərrüfatının məhsulu üçün rayon ərazisində 5 pambıqçılıq şirkətində 1419 nəfər istehsalçı fermerlə 7167 hektar sahədə pambıq əkininə dair müqavilə bağlanıb, rayon üzrə pambıq orta məhsuldarlığı 40 sentner olmaqla, 28634 ton məhsul tədarük edilib. Ötən illə müqayisədə pambıq məhsuldarlığı 7,5 sentner çox olub və nəticə etibarilə Neftçala rayonu pambıqçılıq rayonları arasında 3-cü yerdə qərarlaşıb. Pambıqçılıqda əldə olunan bu uğur son 10 ilin rekord göstəricisidir.
Hesabat ilində Neftçala rayonu ərazisində 32706 hektar sahədə taxıl əkini aparılıb, bundan arpa 26618 hektar, buğda isə 6088 hektar təşkil edib. 2024-cü illə müqayisədə 2025-ci ildə buğda 1,4 sentner, arpa 3,51 sentner çox olub. 2025 – 2026 təsərrüfat ilində isə ümumilikdə 33657 hektar olmaqla, 28557 hektar sahədə arpa, 5100 hektar sahədə isə buğda əkilib.
Bioloji müxtəlifliyin qorunması və nəsli kəsilməkdə olan balıq növlərinin bərpası məqsədilə rayon ərazisində fəaliyyət göstərən “Azerbaijan Fish Farm” MMC, “Xıllı balıq” MMC, “SR Dalğa” MMC tərəfindən 2025-ci ildə 334000-dən artıq nərəcinsli və digər növlərdə olan balıq körpəsi artırılıb. 2025-ci ildə Xəzər dənizi sahilində bioloji müxtəlifliyin qorunması məqsədilə 100 min ədəd Kür nərəcinsli balıq körpəsi və 20 min ədəd Xəzər qızılbalığı dənizə buraxılıb.
Hesabat ilində rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 28816,5 min manat vəsait yönəldilib. 2024-cü illə müqayisədə rayonda əsas kapitala investisiya qoyulub 10443,2 min manat və ya 56,8 faiz artıb.
Hesabat dövründə rayon ərazisində Kür çayının sağ sahili boyunca Aşağı Surra kəndi ərazisində 1,11 km məsafədə 57,9 min kub metr həcmində qayakəsmə, 5,72 km məsafədə 64,1 min kub metr həcmində mühafizə bəndinin təmiri işləri yerinə yetirilib.
2025-ci il “Konstitusiya və Suverenlik ili” çərçivəsində Neftçala Rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlarla birgə il ərzində maarifləndirici tədbirlər, dəyirmi masa, təlim proqramları və sorğu, idmanyönümlü tədbir, ümumrayon səviyyəli konfrans və kütləvi tədbirlər, sosial və ekoloji aksiyalar, şəhid ailələri ilə görüşlər keçirilib.
2025-ci ildə yaşıllıqların artırılması diqqət mərkəzində saxlanılıb. Ümumilikdə hesabat dövründə şəhər ərazisində 3343 ədəd eldar şamı, 2917 ədəd aleandr kolu əkilib. Ərazilərin təmizliyi və yaşıllıq sahələrinin qorunması diqqətdə saxlanılıb.
2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində isə rayon ərazisində bir sıra müxtəlif tədbirlərin həyata keçirilməsi, abadlıq və quruculuq layihələrinin icrası nəzərdə tutulub.
Hesabatda qeyd edilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən sosial, humanitar, təhsil, səhiyyə və mədəniyyət layihələri ölkəmizin hər bir bölgəsində insanların həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib. Heydər Əliyev Fondunun xətti ilə rayonda məktəblərin, uşaq bağçalarının, səhiyyə müəssisələrinin tikintisi və əsaslı təmiri, sosial həssas əhali qruplarına göstərilən diqqət və qayğı dövlətin insan amilinə verdiyi dəyərin bariz nümunəsidir.
Hesabat yığıncağında millət vəkilləri Tənzilə Rüstəmxanlı, Günay Ağamalı, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Miradil Əhmədli və Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova 2025-ci ildə rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərdən və 2026-cı ildə qarşıya qoyulan vəzifələrdən danışıblar.
Hesabat ilində rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən işləri qənaətbəxş hesab ediblər.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun müdiri Məmmədiyə Məmmədov çıxışında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2025-ci ildə də bütün sahələrdə yüksək nailiyyətlər əldə olunduğunu, o cümlədən beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərinin daha da möhkəmləndiyini vurğulayıb. Natiq 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması bu sahədə tarixi ənənələrin yaşadılmasına və Azərbaycanın milli inkişaf strategiyasının, qlobal məsuliyyətinin və gələcəyə yönəlmiş baxışının ifadəsi olduğunu diqqətə çatdırıb.
Çıxışlardan sonra "Konstitusiya və suverenlik İli" çərçivəsində həyata keçirilən tədbirlərdə, eləcə də hesabat ilində rayonumuzun sosial-iqtisadi, ictimai-siyasi həyatında fəal iştirak edən və uğurlu nəticələr əldə edən bir qrup şəxsə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olunub.
Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib və müraciətin mətni iştirakçıların diqqətinə çatdırılıb.
Sonda 2026-cı ildə qarşıda duran vəzifələr üzrə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
