Вернуться назад Распечатать

Əmlak bazarının "qara qutusu": "Paket-kupça" nədir?

Sosial şəbəkələrdə yerləşdirilən ev elanlarında tez-tez sənədi "paket-kupçadır" ifadəsinə rast gəlinir. Bu ifadə ilə daşınmaz əmlakı təqdim edən vasitəçilər evin guya sənədsiz olmadığını iddia edirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, "paket-kupça" anlayışı hüquqi baxımdan mülkiyyət hüququ yaratmır.

Liderxeber.az xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, vətəndaşın hər hansı evə pul ödəməsi onun avtomatik olaraq mülkiyyətçisi olması demək deyil. Əmlak üzərində mülkiyyət hüququ yalnız dövlət qeydiyyatından keçmiş çıxarışla ("kupça") təsdiqlənir. Xalq arasında "kupça" adlandırılan bu sənəd daşınmaz əmlakın yeganə hüquqi mülkiyyət sənədidir.

Elanlarda "paket-kupça" kimi təqdim olunan sənədlərə adətən bələdiyyə arayışı, evin eskiz və ya plan-cizgi sənədi, texniki pasport, kommunal ödəniş qəbzləri, etibarnamə və bəzən də özəl şirkət tərəfindən verilmiş qiymətləndirmə rəyi daxil edilir. Lakin bu sənədlər nə ayrı-ayrılıqda, nə də birlikdə mülkiyyət hüququ yaradır.

Çıxarış olmadan aparılan alqı-satqılar notariat qaydasında rəsmiləşdirilmir və bu da qanunsuz hesab olunur. Çıxarış vasitəsilə əmlakın girovda olub-olmadığı, başqa şəxsə satılıb-satılmadığı və ya hər hansı məhdudiyyətin mövcudluğu dəqiq müəyyən edilir.

"Paket-kupça" ilə ev alan şəxslər ciddi hüquqi və maliyyə riskləri ilə üzləşə bilərlər. Daşınmaz əmlak alışı böyük maliyyə məsuliyyəti tələb etdiyindən, vətəndaşlara çıxarış olmadan ev alqı-satqısına getməmək tövsiyə olunur.