Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Serbiya Respublikasına bu günlərdə etdiyi rəsmi səfər bir çox tarixi məqamlarla yadda qaldı. Səfər zamanı cənab İlham Əliyevin energetika sahəsində əməkdaşlığa dair səsləndirdiyi fikirlər Azərbaycan ilə Serbiya arasında enerji tərəfdaşlığının artıq yeni mərhələyə keçdiyini göstərir. Dövlət başçısı çıxışında vurğuladı ki, iki ölkə arasında energetika sahəsində əlaqələr tək bir istiqamətlə məhdudlaşmır, çoxşaxəli və strateji xarakter alır. Bu əməkdaşlıq həm qaz ixracı, həm elektrik enerjisi istehsalı, həm də bərpaolunan enerji sahələrini əhatə etməklə geniş inteqrasiya modelinə çevrilir.
Ölkə başçısı Azərbaycanın artıq bir müddətdir ki, Serbiyaya təbii qaz ixrac etdiyini qeyd edərək, tərəflərin bu ixracın həcmini artırmaq barədə qərara gəldiklərinə diqqət çəkmişdir. Bu addım Serbiyanın enerji təminatını gücləndirməklə yanaşı, onun daxili enerji istehsal imkanlarını da genişləndirir. İxrac edilən qazın elektrik enerjisinə çevrilməsi Serbiyaya daha təmiz enerji əldə etməyə imkan verəcək, bu isə həm daxili bazarın tələbatını ödəmək, həm də gələcəkdə elektrik enerjisinin ixracı üçün yeni perspektivlər açacaq. Beləliklə, Azərbaycan qazı Serbiya üçün yalnız enerji mənbəyi deyil, həm də iqtisadi inkişaf alətinə çevrilir.
Dövlət başçısı çıxışında Azərbaycanın enerji ixrac potensialının artmaqda olduğunu xüsusi vurğuladı. Məlum olduğu kimi hazırda ölkənin ixrac imkanları 2 giqavat səviyyəsində qiymətləndirilir və bu rəqəmin yaxın illərdə yüksələcəyi gözlənilir. Bunun əsas səbəbi Azərbaycanda geniş miqyasda bərpaolunan enerji layihələrinin həyata keçirilməsidir. Günəş, külək və digər alternativ enerji mənbələri üzrə yeni stansiyaların tikintisi ölkənin enerji balansını gücləndirməklə yanaşı, ixrac imkanlarını da genişləndirir. Prezident İlham Əliyev bu sahədə də Serbiya ilə əməkdaşlığa hazır olduqlarını bildirərək, iki ölkə arasında yaşıl enerji tərəfdaşlığının mümkünlüyünə işarə etdi. Dövlət başçısı həmçinin strateji hədəf kimi 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünün əldə olunacağını qeyd etdi.
Bu gücün böyük hissəsinin ixraca yönələcəyi planlaşdırılır ki, bu da Azərbaycanın Avrasiyada əsas enerji ixracatçılarından biri kimi rolunu daha da möhkəmləndirəcəkdir. Ümumilikdə Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər göstərir ki, Azərbaycan–Serbiya enerji əməkdaşlığı yalnız qaz tədarükü ilə məhdudlaşmır, elektrik enerjisi istehsalı, yaşıl enerji layihələri və regional enerji infrastrukturu kimi geniş sahələri əhatə edir. Bu yanaşma iki ölkə arasında tərəfdaşlığın strateji və uzunmüddətli xarakter daşıdığını, Azərbaycanın isə qlobal enerji bazarında rolunu daha da gücləndirməyə yönəldiyini nümayiş etdirir.
Nəzakət Məmmədova
Neftçala rayonu