“Yer səthində müşahidə olunan çökmələrin Bakı Metropoliteni QSC ilə hər hansı əlaqəsi yoxdur”.
Liderxeber.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında qurumun mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
“Tavan hissə xüsusi əhəmiyyət kəsb edir. Bəzən ictimaiət arasında yanlış fikirlər olur ki, yer səthində müşahidə olunan çökmələr Bakı Metropolitenə görə olur. Lakin bu belə deyil. Amma tavan hissədə də gücləndirmə işləri başa çatmaq üzrədir. Bunun üçün xüsusi müasir inşaat materialı olan karbon lifli izoliyasiya qatı ilə təmin olunacaq. Bu isə həm tavanın dayanıqlığını, həm də kənar təsirlərin azaldılamsını təmin edəcək”,- o bildirib.
B. Məmmədov qeyd edib ki, metronun “Həzi Aslanov” stansiyasının dalan yolu hazırda mövcud “Qırmızı” xəttin son dayanacağıdır. Onun sözlərinə görə, bəzi hallarda sərnişinlər bu dalan yolunu “Həzi Aslanov 2” kimi tanınan gələcək stansiya ilə səhv salırlar.
“Şərti olaraq “Həzi Aslanov 2” adlandırılan stansiya 2025–2030-cu illəri əhatə edən dövlət proqramı çərçivəsində inşası planlaşdırılan 10 yeni stansiyadan biridir. Hazırda isə mövcud “Həzi Aslanov” stansiyasının dalan hissəsində aparılan tikinti işləri əsas mərhələnin tamamlanmasına yaxınlaşıb. Ümumilikdə 3 stansiyanı əhatə edən layihə üzrə son mərhələ icra edilir.
Yan divarlar təxminən 1,5–2 metr dərinlikdə möhkəmləndirilib. Bundan sonra divarların ön hissəsində 30 santimetr qalınlığında söküntü işləri aparılıb və yeni konstruksiyanın qurulmasına başlanılıb”.
Qurum rəsmisi vurğulayıb ki, görülən işlər dalan yolunun və ümumilikdə infrastrukturun dayanıqlığını artırmağa, uzunmüddətli istismarını təmin etməyə hesablanıb. Həmçinin həyata keçirilən gücləndirmə tədbirləri metro qurğularına və ətraf ərazilərə mümkün təsirlərin qarşısını almağa xidmət edir.