Вернуться назад Распечатать

Azərbaycan Milli İncəsənət Muzeyində “Zəfər yurdu ilə zərif nəğmələr” konsert proqramı keçirilib

4 mart tarixində Azərbaycan Milli İncəsənət Muzeyində “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Zəfər yurdu ilə zərif nəğmələr” adlı konsert proqramı keçirilib. 

Liderxeber.az xəbər verir ki, tədbir 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan xanımlarına həsr olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib. Bu an zalda xüsusi ehtiram və qürur hissi ilə qarşılanıb, proqramın ideya xəttinə uyğun olaraq zəfər ruhunun mənəvi təməli vurğulanıb.

Konsert proqramının açılış nitqi ilə çıxış edən “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin sədri Turanə Orucova ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla bütün Azərbaycan xanımlarını səmimi qəlbdən təbrik edib. O, çıxışında ölkəmizdə mədəniyyət və incəsənətin inkişafından, qadınların cəmiyyətimizdəki rolundan, onların zərifliyi ilə yanaşı zəfər ruhlu, güclü və qürurlu mövqeyindən bəhs edərək xanımlarımıza xoş arzularını çatdırıb.

Daha sonra Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Pərvanə Vəliyeva çıxış edərək Azərbaycan xanımlarını təbrik edib, incəsənətin dili ilə musiqimizin müxtəlif sahələrində qadınların rolundan və gücündən danışıb.

Ardınca Milli Məclisin deputatı Ceyhun Məmmədov mədəniyyət və incəsənətin cəmiyyətin formalaşmasındakı əhəmiyyətini vurğulayıb, Azərbaycan xanımlarının ölkəmizin inkişafındakı xidmətlərini xüsusi qeyd edərək onları təbrik edib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə çıxışında Azərbaycan xanımlarını təbrik edib, “Zəfər yurdu ilə zərif nəğmələr” konsert proqramının həyata keçirilməsini yüksək qiymətləndirib və “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyini uğurlu fəaliyyəti münasibətilə təbrik edib.

Tədbirdə həmçinin Səbail rayon Yeni Azərbaycan Partiyası təşkilatının sədri Muxtar Nəğıyev çıxış edərək Azərbaycan xanımlarına xoş arzularını çatdırıb.

Rəsmi hissədən sonra tədbir zəngin və yüksək səviyyədə hazırlanmış bədii proqramla davam edib. “Zəfər yurdu ilə zərif nəğmələr” konsert proqramında səslənən muğam nümunələri, saz havaları və vətənpərvərlik ruhlu musiqi əsərləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. İfaçılar öz peşəkarlığı, səhnə mədəniyyəti və yüksək ifa ustalığı ilə tədbirə xüsusi rəng qatıb, zalda duyğusal və qürurverici ab-hava yaradıb.

Konsert boyu Azərbaycan qadınının zərifliyi ilə yanaşı onun gücü, iradəsi və vətənə bağlılığı musiqinin dili ilə ifadə olunub, proqramın ideya xətti “zəfər” və “zəriflik” anlayışlarının vəhdətində tamaşaçılara təqdim edilib.

Tədbirin sonunda iştirakçılar bu cür mədəni layihələrin cəmiyyətimizdə milli-mənəvi dəyərlərin qorunması, incəsənətin inkişafı və gənc nəslin vətənpərvərlik ruhunda formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qonaqlar yüksək təşkilatçılığa görə “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinə minnətdarlıqlarını ifadə edib, proqramın gələcəkdə də davamlı xarakter alacağına inandıqlarını bildiriblər.

Beləliklə, “Zəfər yurdu ilə zərif nəğmələr” konsert proqramı Azərbaycan qadınına ithaf olunan dəyərli və yaddaqalan mədəniyyət hadisəsi kimi yadda qalıb.