Вернуться назад Распечатать

Sumqayıt Bələdiyyəsinin yeni Parkı sakinlərin ixtiyarına verildi

Mayın 8-də Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi, Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin adını daşıyan küçədə sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün salınan yeni parkın açılışı olub.

Liderxeber.az xəbər verir ki, açılışda iştirak edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, bələdiyyə üzvləri və qulluqçuları, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin yerli sakinlər iştirak ediblər. Ümumi sahəsi 3 min kvadratmetr olan park Sumqayıt Bələdiyyəsinin “Yaşıl Park” layihəsi əsasında cəmi iki ay müddətinə yaradılıb. Ugurla həyata keçirilən layihənin ideya müəllifi bələdiyyənin sədri Adil Xudadatovdur. Sədrin rəhbərliyi ilə aparılan abadlıq və yenidənqurma işləri əsasında 915 kvadratmetr sahədə yaşıl qazon salınıb, rahat və təhlükəsiz hərəkətin təmin olunması üçün 1375 kvadratmetr əraziyə tamet döşənib. 475 kvadratmetr hissədə xüsusi oyun və əyləncə zonası yaradılıb ki, bu da uşaqların sevincinə səbəb olub. Yaşıllıq zolağında çox sayda eldar şam ağacı, müxtəlif növ dekorativ kol bitkisi və mövsümi gül əkilib, müasir oturacaqlar quraşdırılıb, işıq dirəkləri istifdəyə verilib. Görülən işlərin nəticəsində ərazidə ekoloji mühitin yaxşılaşdırılması, yaşıllığın artırılması təmin olunub, sakinlərin mənalı istirahəti üçün lazımi şərait yaradılıb.

Parkla tanışlıqdan məmnun olan İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə hər bir yaşayış məntəqəsində abadlıq, quruculuq və yaşıllaşdırma işlərinin mərhələli şəkildə davam etdiriləcəyini, yeni gözəl məkanların yaradılacağını bildirib.

Bələdiyyə tərəfindən aparılan abadlıq və quruculuq işlərindən razılıq edən iştirakçılar Sumqayıtın daha da müasirləşməsi və gözəlləşməsinə xidmət edən belə layihələrin davamlı olmasını arzulayıblar. Yeni ünvandakı parka qədəm qoyan sakinlər onların istifadəsinə verilən və hər kəsin sevincinə səbəb olan bu gözəl məkana görə şəhər rəhbərliyinə və əziyyəti keçənlərə minnətdarlıq edib.

Rəna TƏBƏSSÜM

AJB-nin və AYB-nin üzvü