M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera Orkestrinin Xankəndi Mədəniyyət Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli konserti keçirilib.
Liderxeber.az xəbər verir ki, bayram konserti Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən ölkəmizin aparıcı bədii kollektivlərinin genişmiqyaslı mədəni qastrol proqramı çərçivəsində gerçəkləşib.
Əvvəlcə Milli Qurtuluş Gününün tarixi haqqında məlumat verilib. Bu əlamətdar tarixlə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müasir müstəqil Azərbaycanın işıqlı gələcəyinin möhkəm təməllərinin qoyulduğu diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyevin liderliyində sərhədləri bütöv, suverenliyi tam olan qalib Azərbaycan Ulu Öndərin yaratdığı təməlin üzərindən bərqərardır.
Sonra bayram konserti başlayıb.
Orkestr Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəylinin “Arazbarı”, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Aişənin rəqsi” və “İldırımlı yollarla” baletindən “Ehtiraslı qızın rəqsi”, Fikrət Əmirovun Min bir gecə” baletindən “Şəhrizadın bayramı”, həmçinin “Azərbaycan elləri” və “Mǝn sǝni araram” mahnılarını səsləndirib.
Konsertdə həmçinin Niyazinin “Arzu”, “Qaytağı”, Cahangir Cahangirovun “Alagöz”, Arif Məlikovun “Sehrli xalat” filminə yazdığı “Qızların rəqsi” və “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları”, Vasif Adıgözəlovun “Qərənfil”, Süleyman Ələsgərovun “Vətənimdir”, Müslüm Maqomayev “Azərbaycan”, Fərhad Bədəlbəylinin “Dəniz”, Antonio Vivaldinin “İlin fəsilləri” silsiləsindən “Yay”, Həsən Rzayevin “Çahargah rapsodiyası” və xalq mahnılarımız səsləndirilib.
Solistlər Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artist Anar Şuşalı, Səbinə Ərəbli, Səxavət Məmmədov, Nəzrin Aslanlı, Talıb İsgǝndǝrli, Nicat Mənsimov və Rəfiqə Quluzadə orkestrin müşayiəti ilə tamaşaçılara əsl bayram ab-havası yaşadıblar.
Doğma yurda qayıdan Xankəndi sakinləri, Qarabağ Universitetinin müəllim və tələbələri, eləcə də azad torpaqların quruculuğunda iştirak edən vətəndaşlarımız bütün musiqi nömrələrini alqışlarla qarşılayıblar.
Xatırladaq ki, Xankəndi Mədəniyyət Mərkəzi əsaslı şəkildə yenidənqurmadan sonra Prezident İlham Əliyevin iştirakı ilə mayın 28-də istifadəyə verilib.
Qeyd edək ki, qastrol layihəsi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədilə həyata keçirilir.







