Вернуться назад Распечатать

COO platformasına “Startap” şəhadətnaməsi verilib

Azərbaycanda hazırlanmış biznes idarəetmə platforması COO Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “Startap” şəhadətnaməsi alıb.

COO mağazalar və digər kiçik və orta biznes subyektləri üçün satış, kassa, anbar və müştəri idarəetməsi kimi prosesləri vahid platformada birləşdirən sistemdir.

Platformanın əsas xüsusiyyətlərindən biri sistemin istifadəyə verilməsi prosesinin mümkün qədər sadələşdirilməsidir. Sahibkar hesab yaratdıqdan sonra ayrıca proqram quraşdırılmasına və ilkin texniki qurulum üçün mütəxəssis cəlb edilməsinə ehtiyac olmadan sistemdən istifadə etməyə başlaya bilir. Məhsulların sistemə əlavə edilməsi və satış prosesinin qurulması da platforma üzərindən həyata keçirilir.

COO bulud əsaslı işlədiyinə görə sistem konkret kompüter və ya avadanlıqla məhdudlaşmır. Bununla yanaşı, platforma müxtəlif satış və iş proseslərini vahid sistemdə idarə etməyə imkan verən modullardan ibarətdir.

Məhsul məlumatları üçün vahid baza formalaşdırılır

COO-nun inkişaf etdirdiyi istiqamətlərdən biri də məhsul və barkod məlumatlarının vahid bazada toplanmasıdır.

Platformanın məhsul hovuzunda hazırda 70 mindən çox unikal məhsul üzrə məlumat toplanıb. Eyni məhsula aid təkrarlanan barkod və məlumatlar birləşdirilir, müxtəlif mənbələrdən əldə edilən məlumatlar isə bazaya əlavə olunur.

Bu yanaşma mağazaların məhsul məlumatlarını ayrıca vəsait sərf etmədən sistemə daha sürətli daxil etməsinə imkan verən mexanizmlərdən biri kimi təqdim edilir.

COO-da məhsul, satış və stok məlumatlarının bir-biri ilə əlaqəli işləməsi nəzərdə tutulur. Beləliklə, mağaza və topdansatış fəaliyyəti zamanı məhsul məlumatlarının ayrı-ayrı sistemlərdə yenidən işlənməsi ehtiyacı azaltmağa çalışılır.

Şirkətin məlumatına görə, platformanın inkişafında əsas istiqamətlərdən biri biznes proqramlarının qurulması və istifadəsini texniki biliklərə daha az bağlı etməkdir.

“Startap” şəhadətnaməsinin alınması ilə COO-nun yerli texnologiya və sahibkarlıq ekosistemində fəaliyyətini genişləndirməsi gözlənilir. Platformanın məhsul bazasının böyüdülməsi və yeni biznes idarəetmə funksiyalarının əlavə edilməsi üzrə işlər davam etdirilir.

COO platforması haqqında məlumat coo.az saytında yerləşdirilib.