Вернуться назад Распечатать

Zəlzələdən bir həftə sonra səma qırmızıya boyandı

Kolumbiyada baş verən güclü zəlzələdən bir həftə sonra səmanın tünd qırmızı və narıncı rəngə boyanması sosial mediada geniş müzakirələrə səbəb olub.

Liderxeber.az xəbər verir ki, qeyri-adi mənzərə bəzi insanlarda bunun yeni yeraltı təkanların xəbərçisi ola biləcəyi ilə bağlı narahatlıq yaradıb.

Avqustun 10-da Kolumbiyanın qərbində 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Çoko bölgəsindəki San Xose del Palmar yaxınlığında qeydə alınıb.

Təbii fəlakət ölkənin bir sıra bölgələrində ciddi ziyan yaradıb. Kali, Pereyra və Manizales kimi şəhərlərdə də zəlzələnin təsirləri hiss olunub.

Zəlzələnin yaratdığı təşviş hələ səngiməmiş sosial şəbəkələrdə yayılan qeyri-adi görüntülər yenidən insanların diqqətini cəlb edib.

Zəlzələdən təxminən bir həftə sonra Kolumbiyanın bəzi bölgələrində gün batımı zamanı səmanın tünd qırmızı və narıncı rəngə boyandığını göstərən videolar sosial mediada sürətlə yayılıb.

Xüsusilə Qaleras ətrafından olduğu iddia edilən görüntülər istifadəçilər arasında müxtəlif ehtimallara səbəb olub. Bəzi sosial media paylaşımlarında hadisə birbaşa zəlzələ ilə əlaqələndirilib və yeni təkanların baş verə biləcəyi irəli sürülüb. Lakin bu iddiaları təsdiqləyən elmi dəlil yoxdur.

Bildirilir ki, günəş doğarkən və batarkən işıq atmosferdə daha uzun məsafə qət edir. Bu zaman mavi və bənövşəyi işıq daha çox səpələnir, qırmızı və narıncı dalğa uzunluqları isə daha güclü görünür.

Atmosferdəki toz, tüstü və digər hissəciklər, eləcə də buludların quruluşu gün batımının rənglərini daha intensiv göstərə bilər.

Bu səbəbdən səmanın qırmızı rəng alması özlüyündə zəlzələnin və ya yeni seysmik aktivliyin göstəricisi hesab edilmir.

Sosial şəbəkələrdə görüntülərin əlaqələndirildiyi Qaleras Kolumbiyanın Narino bölgəsində yerləşən aktiv vulkandır.

Kolumbiyanın Geoloji Xidməti vulkanın vəziyyətini seysmik, geodeziya, geokimyəvi və vizual müşahidələr vasitəsilə daim izləyir.