Вернуться назад Распечатать

“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir

Son günlər “Qırmızı körpü” gömrük-keçid məntəqəsinin Gürcüstan tərəfində TIR-ların sıxlığı müşahidə olunur.

Liderxeber.az xəbər verir ki, bu barədə “İctimai TV”yə danışan TIR sürücüləri yük maşınlarının növbəsinin kilometrlərlə olduğunu bildiriblər.

Türkiyədən gələn TIR sürücüsü Hasan Sarısoy 7 gündür ki, növbə gözlədiyini deyib: “Üç gün parka giriş üçün gözlədik, dörd gün isə parkda gözləmişik. Yollarda vəziyyət çox pisdir. Sürücülər çətin vəziyyətdədir – nə tualet var, nə də yemək. Səbəbin nə olduğunu soruşanda gürcü tərəfinin işləmədiklərini bildirirlər”.

Digər sürücülərdən Əli Əyricə isə bildirib ki, 10 gündən çoxdur növbədə gözləyir: “Bir gün Türkiyədə, dörd gün “Qırmızı körpü”nün gürcü tərəfində, üç gündür də buradayam. İki gün isə Batumidə gözləyəcəyəm”.

Türkiyəli sürücü Hüseyn Yanık 35 ildir Azərbaycana gəlib-getdiyini, amma bu qədər sıxlıq müşahidə etmədiyini söyləyib.

Sürücülərin uzun müddət yolda qalması yanacaq sərfiyyatını artırır və daşınan məhsulların təyinatı yerinə çatmasını uzadır.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən qeyd edilib ki, Azərbaycan-Gürcüstan dövlət sərhədində yük nəqliyyat vasitələrinin yaranan sıxlığı ilə əlaqədar iki ölkənin gömrük xidmətləri rəhbərliyi arasında müzakirələr aparılıb: “Sıxlığın aradan qaldırılması, sərhədkeçmə proseslərinin daha da sürətlənməsi üçün müvafiq zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılır”.