Вернуться назад Распечатать

“Hörmətli sürücülər, bu lənətə gəlmiş “qaçırmaq” vərdişi”ndən uzaq durun!”

Nəqliyyat üzrə ekspert, tanınmış hüquqşünas Ərşad Hüseynov avqustun 21-i Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı fikirlərini bölüşüb.

Liderxeber.az xəbər verir ki, ekspert bu kimi hadisələrin piyada özgüvənindən qaynaqlandığını bildirib.

32 yaşlı Sahil Əsgərlinin anasının gözləri qarşısında öldüyü hadisəni şərh edən Ə.Hüseynov bu kimi hadisələrdə sürücülərin də əksər hallarda doğru qərarlar vermədiyini deyib.

Hadisə anının videosunu paylaşan ekspert bu olayın cəmiyyətdəki yol mədəniyyətinin səviyyəsini aydın göstərdiyini vurğulayıb: “21 avqustda Salyanda baş vermiş yol-nəqliyyat hadisəsinin əks olunduğu bu videodakı görüntülər təkcə bir ailənin ürək ağrıdan faciəsi deyil. O həm də yollarımızda təhlükəsiz davranış səviyyəmizin ümumiləşdirilmiş real mənzərəsidir.

Hadisəyə hüquqi qiymət vermək fikrindən uzağam. Təqsirsizlik prezumpsiyası var, həm də kimisə ittiham edəcək prokuror və ya kimisə müdafiə edəcək vəkil də deyiləm. Lakin bu hadisə o qədər tipikdir ki, “keçmiş olsun” deyərək keçmək mümkün deyil.

Diqqətlə baxın. Sağlamlığının qaydasında olmadığı görünən bəxtsiz ana yaxınlaşan avtomobilin təhlükəli olduğunu dərk edir, yolu keçmək fikrindən daşınır, hətta bir az kənara da çəklilir. Amma gəncliyinə güvənən oğul yolu keçmək fikrindən dönmür. Sonda qaçmağa çalışsa da, yolun əks tərəfinə çata bilmir, faciə baş verir”.

Ə.Hüseynov bildirib ki, S.Əsgərlinin piyada olaraq yolda etdiyi ən kobud səhvdir: “Yolu piyada keçmək istəyərkən çox bəsit bir qaydaya əməl etmək lazımdır: yaxınlaşan avtomobillə məsafə və onun sürəti təhlükəlidirsə, heç vaxt onun qarşısına çıxmaq olmaz. Belə halda heç vaxt sürücüyə güvənmək olmaz. Sürücünün dayandığına və dayana biləcəyinə əmin olmamış yola çıxamaq həyati riskdir, çünki onun sonrakı hərəkətlərini heç vaxt proqnozlaşdırmaq mümkün deyil. Heç buna vaxt da yoxdur: söhbət həyatla ölüm arasındakı 1-2 saniyədən gedir”.