Xəbər verdiyimiz kimi, sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılıb. Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib.
Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.
Əməkhaqqı artımı TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edir. İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb. Yeni əməkhaqqı mexanizmi tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, səhiyyə sistemində kadr potensialının qorunması, regionlarda həkim çatışmazlığının azaldılması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Xüsusilə regionlarda çalışan həkimlər üçün nəticəyə əsaslanan ödənişlərə 30 faizədək regional əmsalın tətbiqinin nəzərdə tutulması mütəxəssislərin bölgələrdə işləməyə təşviq edilməsi baxımından diqqət çəkir.
Liderxeber.az xəbər verir ki, QHT.az tibb işçilərinin əməkhaqlarının artırılmasının səhiyyə sisteminə, regionlarda kadr təminatına və vətəndaşların tibbi xidmətlərə çıxışına mümkün təsirləri ilə bağlı bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərlərinin mövqeyini öyrənib. QHT sədrləri təşəbbüsü ümumilikdə müsbət qiymətləndiriblər.
Mövzu ilə bağlı danışan “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsünü yüksək qiymətləndirərək, xüsusilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. O, əməkhaqqı artımının səhiyyə kadrlarının qorunmasına təsir edəcəyini deyib. O qeyd edib ki, uzun illər səhiyyə sistemində çalışan tibb işçilərinin sosial təminatının gücləndirilməsi mühüm məsələdir. V.Hüseynlinin sözlərinə görə, xüsusilə regionlarda çalışan və gənc həkimlərin bölgələrə cəlb olunması üçün əməkhaqqı ilə yanaşı, regional əlavələr və digər stimullaşdırıcı mexanizmlərin tətbiqi məqsədəuyğundur. O, tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsinin ölkə daxilində kadr potensialının qorunmasına və tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə şərait yarada biləcəyini vurğulayıb.
“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı ilkin səhiyyənin gücləndirilməsi ilə regionlarda ixtisaslı həkim təminatının yaxşılaşdırılmasının paralel aparılmalı olduğunu bildirib. Onun fikrincə, insanın yaşadığı ərazidə peşəkar həkimə çıxışının olması səhiyyədə bərabərliyin əsas göstəricilərindən biridir. QHT sədri qeyd edib ki, regionlarda həkimlərin saxlanılması üçün yalnız yüksək əməkhaqqı kifayət etmir; müasir tibbi avadanlıq, diaqnostik imkanlar, normal iş şəraiti və davamlı tibbi təhsil imkanları da təmin edilməlidir. O həmçinin ilkin səhiyyənin xəstəliklərin erkən aşkarlanması və profilaktikası baxımından əhəmiyyətini vurğulayıb.
Regionlarda tətbiq ediləcək 30 faizə qədər regional əmsalı “Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyinin sədri İlqar Hüseynli müsbət qiymətləndirib. O bildirib ki, nəticəyə əsaslanan ödənişlər yüksək ixtisaslı həkimlərin bölgələrə cəlb olunmasını və orada qalmasını stimullaşdıra bilər. Onun sözlərinə görə, bunun nəticəsində bəzi mürəkkəb tibbi xidmətlərin regionlarda göstərilməsi genişlənə, pasiyentlərin digər şəhərlərə, xüsusilə paytaxta üz tutmaq zərurəti azala bilər. Bununla belə, İ.Hüseynli regional əmsalın müasir avadanlıq, yaşayış şəraiti, nəqliyyat, peşəkar inkişaf və digər imkanlarla tamamlanmasının vacibliyini qeyd edib.
“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri Firuzə İskəndərova isə regional əmsalın əsas nəticəsinin pasiyentlərin tibbi xidmətə çıxışında görünməli olduğunu deyib. Onun fikrincə, məqsəd həkim üçün regionda işləməyi məcburiyyət deyil, real seçimə çevirməkdir. F.İskəndərova hesab edir ki, islahatın uğuru əlavə ödəniş alan həkimlərin sayı ilə deyil, regionlarda keyfiyyətli tibbi xidmət alan pasiyentlərin sayının artması ilə ölçülməlidir.
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, onların əməyinin daha yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 min 212 tibb işçisini əhatə edəcək. İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb. Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən irəli sürülən bu təşəbbüs bütün istiqamətlərdə yüksək qiymətləndirilməlidir. O bildirib ki, pandemiya və Vətən müharibəsi kimi həssas dövrlərdə tibb işçiləri böyük fədakarlıq göstəriblər və onların əməyinin maddi baxımdan daha yüksək qiymətləndirilməsi həm sosial ədalətin, həm də dövlətin tibb işçilərinə diqqətinin ifadəsidir. Hüseynzadənin sözlərinə görə, əməkhaqqı artımı peşəyə marağın yüksəlməsinə, ixtisaslı kadrların səhiyyə sistemində saxlanılmasına və tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşmasına da xidmət edə bilər.
Cəsarət Hüseynzadə bu təşəbbüsün yalnız əməkhaqqı artımı kimi deyil, Azərbaycan səhiyyəsinə, tibb işçilərinə və səhiyyə sisteminin gələcəyinə qoyulan sosial və institusional investisiya kimi qiymətləndirilməli olduğunu vurğulayıb. O qeyd edib ki, dövlət tibb müəssisələrində çalışan peşəkar kadrların maddi təminatının yaxşılaşdırılması həmin sektorun sabitliyini və rəqabət qabiliyyətini artıra, dövlət və özəl tibb müəssisələri arasındakı xidmət və keyfiyyət fərqinin azalmasına müsbət təsir göstərə bilər.
Hüseynzadə regionlarda kadr təminatının gücləndirilməsini də islahatın mühüm istiqamətlərindən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, son illərdə bölgələrdə tibb müəssisələrinin yenilənməsi və müasir avadanlıqlarla təmin olunması istiqamətində görülən işlər yeni əməkhaqqı və stimullaşdırma mexanizmləri ilə tamamlanır. O hesab edir ki, regionlarda hədəf ixtisaslar üzrə həkimlər üçün əlavə stimulların tətbiqi ixtisaslı kadrların bölgələrə cəlb edilməsinə və onların orada fəaliyyətini davam etdirməsinə şərait yaradacaq. Nəticədə vətəndaşların tibbi xidmət almaq üçün paytaxta üz tutmaq ehtiyacı azala bilər.
Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının sədri Ayaz Hüseynov əməkhaqqı artımının yalnız həkimlərə deyil, orta və kiçik tibb işçilərinə də şamil edilməsini müsbət qiymətləndirib. O bildirib ki, regionlarda həkim çatışmazlığının mövcud olduğu bir şəraitdə daha yüksək əməkhaqqı mütəxəssislərin bölgələrdə işləməsi üçün əlavə stimul yarada bilər. A.Hüseynovun sözlərinə görə, tibb personalının motivasiyasının yüksəlməsi göstərilən xidmətlərin keyfiyyətinə və pasiyent məmnunluğuna da müsbət təsir göstərə bilər.
“Cəmiyyətin İnkişafı Mərkəzi”nin sədri Əhməd Abbasbəyli əməkhaqqı artımının tibb işçilərinin motivasiyasının yüksəldilməsi və kadr axınının qarşısının alınması baxımından əhəmiyyətli olduğunu bildirib. O qeyd edib ki, yalnız maaş artımı səhiyyədə bütün problemləri həll edə bilməz. Bununla yanaşı, kadr potensialının gücləndirilməsi, müasir avadanlıqların yenilənməsi, xidmətlərin təşkili və tibbi xidmətlərin müasir standartlara uyğunlaşdırılması istiqamətində də işlər davam etdirilməlidir.
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin rəhbəri Cəmilə Abdulova isə əməkhaqqı artımını tibb işçilərinin əməyinə verilən mühüm dəyər kimi qiymətləndirib və bu təşəbbüsə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. O bildirib ki, tibb işçiləri insan həyatının və sağlamlığının qorunması kimi məsuliyyətli missiyanı yerinə yetirirlər və onların sosial təminatının gücləndirilməsi səhiyyə sisteminin davamlı inkişafı baxımından əhəmiyyətlidir. C.Abdulovanın sözlərinə görə, həkim və digər tibb işçilərinin pandemiya və Vətən müharibəsi dövründə göstərdiyi fədakarlıq onların peşələrinə sədaqətinin nümunəsidir.
QHT rəhbəri, həmçinin, eşitmə və nitq məhdudiyyətli şəxslərin səhiyyə xidmətlərinə bərabər və maneəsiz çıxışının təmin edilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, işarət dili tərcümə xidmətlərinin genişləndirilməsi və tibb müəssisələrində kommunikasiya imkanlarının artırılması inklüziv səhiyyənin əsas şərtlərindəndir. C.Abdulova qeyd edib ki, səhiyyə sisteminin gücü yalnız tibbi xidmətlərin keyfiyyəti ilə deyil, həmin xidmətlərin bütün vətəndaşlar üçün əlçatan olması ilə də ölçülməlidir.
“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova əməkhaqqı artımını tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm addım adlandırıb. Onun sözlərinə görə, sosial təminatı yaxşılaşan tibb işçisinin peşəsinə motivasiyası və xidmət keyfiyyətinə yanaşması da müsbət dəyişə bilər. Bununla yanaşı, S.Kərimova əməkhaqqı artımı ilə paralel olaraq vətəndaş məmnuniyyəti, xidmət mədəniyyəti, müraciətlərə operativ baxılması və tibb işçilərinin məsuliyyətinin də diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə xüsusilə regionlarda həkim çatışmazlığının ciddi problem olaraq qaldığını bildirib. Onun sözlərinə görə, əməkhaqqı artımı gənc tibb kadrlarının bölgələrdə işləməyə marağını artıraraq əhalinin tibbi xidmətlərə çıxışını yaxşılaşdıra bilər. İ.Rzazadə digər tibb personalının əməkhaqlarının artırılmasının da müsbət addım olduğunu qeyd edib.
Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva isə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tibb işçilərinin sosial rifahının yaxşılaşdırılmasına yönələn təşəbbüslərinin icrasını mühüm addım kimi qiymətləndirib. O bildirib ki, bu sahədə çalışanlar böyük məsuliyyət daşıyır və onların əməyinin daha yüksək qiymətləndirilməsi həm sosial təminatın, həm də peşənin nüfuzunun artırılması baxımından əhəmiyyətlidir. Z.Nuriyevanın fikrincə, tibb işçilərinin sosial rifahına qoyulan investisiya göstərilən xidmətin keyfiyyətinə də investisiya deməkdir.
“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov əməkhaqqı artımı ilə yanaşı, müasir tibbi texnologiyaların tətbiqinin də tibbi xidmətlərin əlçatanlığı və şəffaflığı baxımından əhəmiyyətli olduğunu bildirib. Onun sözlərinə görə, müasir diaqnostik imkanların genişləndirilməsi və tibb işçilərinin maddi təminatının yaxşılaşdırılması vətəndaşların əlavə ödənişlərlə üzləşməsinin qarşısının alınmasına və xidmətlərin daha şəffaf göstərilməsinə imkan yarada bilər.
Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi və Nadir Xəstəliklər Təşkilatları İttifaqının təsisçi sədri Səadət Bayramova isə əməkhaqqı artımını səhiyyənin insan resurslarına qoyulan mühüm investisiya kimi qiymətləndirib. O bildirib ki, bu addım ixtisaslı tibb kadrlarının ölkədə saxlanılmasına və xaricə həkim axınının azalmasına töhfə verə bilər. S.Bayramovanın fikrincə, əməkhaqqı artımı ilə yanaşı, tibb işçilərinin peşəkar inkişafı, müasir tibbi texnologiyalara çıxışı, ədalətli karyera imkanları və davamlı tibbi təhsil şəraiti də gücləndirilməlidir. Xüsusilə nadir və xroniki xəstəliklər üzrə yüksək ixtisaslaşmış mütəxəssislərin hazırlanması və ölkədə saxlanılması vacibdir.
Ümumilikdə, QHT rəhbərləri və deputatın fikirlərindən belə nəticəyə gəlmək olar ki, tibb işçilərinin əməkhaqlarının artırılması sosial rifahın yaxşılaşdırılması ilə yanaşı, səhiyyədə kadr potensialının qorunması, regionlarda həkim çatışmazlığının azaldılması, tibbi xidmətlərin keyfiyyət və əlçatanlığının yüksəldilməsi baxımından mühüm addım kimi qiymətləndirilir. Bununla belə, ekspertlər əməkhaqqı artımının müasir infrastruktur, peşəkar inkişaf, şəffaf və nəticəyə əsaslanan qiymətləndirmə, eləcə də regionlarda yaşayış və iş şəraitinin yaxşılaşdırılması ilə tamamlanmasının vacibliyini vurğulayırlar.