Məhsul şəhadətnaməsi ilə bağlı tələblər müəyyənləşir.
Liderxeber.az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsində əksini tapıb.
Layihədə qeyd olunur ki, mülkiyyətində, istifadəsində və ya icarəsində kənd təsərrüfatı təyinatlı torpaqlar olan şəxslər əkinçilik sahəsində məhsul şəhadətnaməsi buraxa bilərlər.
Əgər kənd təsərrüfatı təyinatlı torpaqlar iki və daha çox şəxsin ümumi mülkiyyətində, istifadəsində və ya icarəsindədirsə, onlar məhsul şəhadətnaməsini birgə buraxır və məhsul şəhadətnaməsi ilə bağlı öhdəliklərin icrası üçün birgə məsuliyyət daşıyırlar.
Kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi dəyişdikdə məhsul şəhadətnaməsi üzrə hüquq və vəzifələr yeni mülkiyyətçi, istifadəçi və ya icarəçiyə keçir.
Torpaq sahəsinin belə yüklülüyü barədə borclu yeni mülkiyyətçi, istifadəçi və ya icarəçiyə məlumat verməyə borcludur.
Borclu məhsul şəhadətnaməsinin mülkiyyətçisinə torpağın mülkiyyətçisi, istifadəçisi və ya icarəçisinin dəyişməsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun informasiya sistemi vasitəsilə 10 gün müddətində məlumat verməlidir.
Heyvandarlıq sahəsində məhsul şəhadətnaməsini mülkiyyətində və ya istifadəsində kənd təsərrüfatı heyvanları olan şəxslər buraxa bilərlər.