Вернуться назад Распечатать

Neftçala neft yatağının 100 illik yubileyi qeyd olunub

Neftçala rayonunda 20 Sentyabr - Neftçilərin peşə bayramı və Neftçala neft yatağının zəngin tarixini əks etdirən 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
 
Liderxeber.az xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, “Global Energy Azerbaijan” (GEA) və “Neftchala Operating Company”nin rəhbərliyi, SOCAR nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də veteran neftçilər və şirkət əməkdaşları iştirak ediblər.
 
Tədbir iştirakçıları ilk öncə Neftçala şəhərində Azərbaycan xalqının Ümummilli Lideri, milli neft strategiyasının banisi Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Həsənabad qəsəbəsində “Neftchala Operating Company” şirkətində çalışmış Vətən müharibəsi şəhidi Murad Gözəlovun xatirə abidəsi ziyarət olunub.
 
Daha sonra qonaqlar tərəfindən Həsənabad qəsəbəsində Neftçala neft yatağının 100 illik yubileyini tərənnüm edən xatirə abidəsinə baş çəkilib və abidə ətrafındakı yaşıllıq zonasında ağacəkmə aksiyası təşkil olunub, ardından iştirakçılar 1 saylı quyuya ekskursiya ediblər.
 
Tədbirin rəsmi hissəsi Neftçala Olimpiya İdman Kompleksində davam etdirilib. Tədbirdən öncə qonaqlar tərəfindən “Neftchala Operating Company” əməkdaşlarının 6-10 yaşlı övladlarının Neftçilər gününə həsr olunmuş rəsm əsərlərindən, eləcə də 1 saylı quyunun tarixi sənədləri və arxiv materiallarından ibarət sərgiyə baxış keçirilib.
 
Rəsmi hissə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Azərbaycan neftçilərinin şərəfli fəaliyyətini və ölkəmizin zəngin neft tarixini əks etdirən videoçarx nümayiş olunub.
 
Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov bütün neftçiləri peşə bayramı və Neftçala neft yatağının 100 illik yubileyi münasibətilə təbrik edərək onlara məsuliyyətli fəaliyyətlərində yeni uğurlar arzulayıb. İcra başçısı diqqətə çatdırıb ki, 20 Sentyabr xalqımızın yaddaşında yalnız peşə bayramı kimi deyil, 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin böyük siyasi iradəsi sayəsində imzalanmış “Əsrin müqaviləsi” ilə müstəqil dövlətçiliyimizin və milli enerji strategiyamızın təməl daşının qoyulduğu tarixi gün kimi yaşayır.Çıxışda vurğulanıb ki, Ulu Öndərin əsasını qoyduğu bu mühüm strateji xətt hazırda Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, neft-qaz sektoru ilə yanaşı, bərpa olunan və yaşıl enerji layihələrini də əhatə edən çoxşaxəli beynəlxalq enerji siyasətinə çevrilib.
 
Rayonun neftçilik salnaməsinə nəzər salan Mirhəsən Seyidov 1926-cı ildən etibarən Neftçala torpağında zəngin karbohidrogen ehtiyatlarının hasilatına başlanılmasının ölkəmizin sənaye potensialının güclənməsində mühüm rol oynadığını və bu bir əsrlik şərəfli tarixin rayon üçün böyük qürur mənbəyi olduğunu bildirib. Bütün bu böyük nailiyyətlərin və strateji layihələrin arxasında dənizin və qurunun mürəkkəb şəraitində fədakarlıqla çalışan neftçilərin gərgin əməyinin dayandığını xüsusi qeyd edərək, bu sahədə çalışan hər bir mütəxəssisə və veteran neftçilərə dərin ehtiramını ifadə edib.
 
Daha sonra çıxış edənlər - GEA (Global Energy Azerbaijan) şirkətinin şirkətinin prezidentinin müşaviri Kənan Bayramov, GEA (Global Energy Azerbaijan) şirkətinin şirkətinin baş geoloqu Abbas Rzayev və SOCAR Upstream-in Aktivlərin idarə edilməsi üzrə rəhbəri Eynulla Məmmədov Neftçala yatağının zəngin geoloji potensialı, müqavilə ərazisində aparılan seysmik tədqiqatlar və gələcəkdə yeni karbohidrogen yataqlarının aşkar edilməsi imkanları barədə ətraflı məlumat veriblər. Çıxışçılar 1926-cı ildə qazılmış 1 saylı quyunun milli yaddaşın tərkib hissəsi və tarixi məkan kimi qorunub gələcək nəsillərə ötürülməsi təşəbbüsünün əhəmiyyətini xüsusi vurğulayıblar. Eyni zamanda, GEA və SOCAR arasında mövcud olan səmərəli tərəfdaşlıq münasibətlərinə toxunulub, yatağın hasilat göstəricilərinin artırılması və müasir texnologiyaların tətbiqi ilə işlənmənin gələcək strateji hədəfləri geniş şərh olunub.
 
Mərasimdə çıxış edən vaxtilə Neftçala Operating Company çalışmış Vətən Müharibəsi şəhidi Murad Gözəlovun atası Zabil Gözəlov və Neftçala neft yatağında uzun illər çalışmış əmək veteranı Ərəstun Mustafayev isə öz növbələrində şəhidlərimizin xatirəsinə göstərilən böyük diqqət və ehtirama görə minnətdarlıqlarını bildirib, yatağın bir əsrlik zəngin tarixi, neftçilərin fədakar əməyi və keçmiş xatirələri barədə təəssüratlarını bölüşüblər.
 
Tədbirdə “Neftchala Operating Company” şirkətinin fərqlənən bir qrup əməkdaşı Neftçala Rayon İcra Hakimiyyəti başçısının və şirkət rəhbərliyinin Fəxri fərmanları ilə təltif olunub. Həmçinin, qonaqlara və tərəfdaşlara nömrələnmiş xatirə medalları, yubiley hədiyyələri və xüsusi suvenirlər təqdim edilib.
 
Eyni zamanda Neftçala Əməliyyat Şirkətində çalışan işçilərin 6-10 yaşlı övladları arasında Neftçilər gününə həsr olunmuş rəsm və şeir müsabiqələrinin qalibləri mükafatlandırılıb. Müsabiqənin qalibi Nuray Əkbərlinin ifasında neftçilərə həsr olunmuş şeir səsləndirilib.
 
Tədbirin sonunda Neftçala Olimpiya İdman Kompleksinin qarşısında iştirakçılarla birgə xatirə fotosu çəkilib.
1
1
1
1
1