Dövlət ümumi təhsil məktəblərinin maliyyələşdirilməsində yeni mexanizm tətbiq olunacaq. Adambaşına maliyyələşmə prinsipinə əsaslanan bu qayda məktəblərə ayrılan vəsaitin şagird sayı və təhsil səviyyələri nəzərə alınmaqla hesablanmasını nəzərdə tutur. Bəs yeni sistem əvvəlki qaydadan nə ilə fərqlənir və məktəblərin maliyyələşdirilməsində hansı dəyişikliklərə yol açacaq?
Liderxeber.az xəbər verir ki, iqtisadçı-ekspert Eldəniz Əmirov mövzu ilə bağlı “Azərbaycan müəllimi”nin suallarına aydınlıq gətirib.
Ekspert bildirib ki, sözügedən qərar təhsilin maliyyələşdirilməsində kifayət qədər əhəmiyyətli bir dəyişiklikdir, çünki burada əsas məsələ dövlət vəsaitinin bölüşdürülməsində yeni iqtisadi yanaşmanın yaradılması və tətbiqidir: “Əvvəlki sistemdə məktəblərin maliyyələşdirilməsi əsasən ştat vahidləri, əməkhaqqı fondu, eyni zamanda bir çox digər xərc istiqamətləri üzrə formalaşan smetalar əsasında həyata keçirilirdi. Amma bunun müəyyən mənfi tərəfləri vardı.
Yeni modeldə isə əsas göstərici şagirdlərin sayı olacaq. Burada ümumi məktəbin saxlanılması xərclərindən əlavə olaraq, faktiki olaraq məktəblərdə neçə şagirdin təhsil alması çox önəmlidir. Adından da göründüyü kimi, adambaşına maliyyələşmə mexanizmində əsas diqqət şagird sayına yönələcək.
Burada digər bir məqamı da qeyd etmək istəyirəm. Dövlət bütün şagirdlər üçün eyni məbləği müəyyən etmir. Burada məktəbin növündən və təhsil səviyyəsindən asılı olaraq müəyyən fərqlər olacaq. Məsələn, ümumtəhsil məktəblərində bir şagird üçün illik baza məbləği 2 000 manat, lisey və gimnaziyalar üçün isə 2 200 manat müəyyən olunur. Eyni zamanda, ibtidai təhsil alan bir şagird üçün orta təhsil səviyyəsinə aid göstəriciyə 1,25 əmsalı, tam orta təhsil səviyyəsi üçün isə 1,7 əmsalı tətbiq olunur. Bu o deməkdir ki, adi ümumtəhsil məktəbində ibtidai sinif şagirdi üçün 2 000 manat, ümumi orta təhsil səviyyəsində 2 500 manat, tam orta təhsil səviyyəsində isə 3 400 manat nəzərdə tutulacaq.
Yeni sistem bu vəsaitlərin məktəblər arasında daha aydın meyarlarla və ədalətli bölüşdürülməsinə, təhsil xərcləri üzrə fərqlərin nəzərə alınmasına, büdcə planlaşdırılmasında daha əsaslandırılmış meyarların ortaya qoyulmasına imkan yaradacaq”.
“Hansı məktəblərdə resurslardan daha səmərəli istifadə edildiyini müəyyənləşdirmək mümkün olacaq”
E.Əmirovun sözlərinə görə, yeni sistemdə əsas məqsəd ayrılan hər manatın mümkün qədər daha çox nəticə verməsi, daha yüksək nəticələrin əldə olunmasına xidmət etməsidir: “Bunun üçün çox önəmli məsələ odur ki, məktəblərin maliyyələşdirilməsi daha dəqiq hesablanmalı, eyni zamanda müqayisəli təhlillər aparılmalıdır. Məsələn, eyni səviyyədə təhsil verən, şagird sayı baxımından bir-birinə yaxın olan məktəblərin maliyyə göstəricilərini müqayisə etmək mümkün olacaq. Bu o deməkdir ki, hansı məktəblərdə resurslardan daha səmərəli istifadə edildiyini, harada əlavə xərclərin yarandığını müəyyənləşdirmək və sonradan bunu optimallaşdırmaq mümkün olacaq.
Ola bilər ki, qərarda nəzərdə tutulan rəqəmlərə qarşıdakı illərdə yenidən baxılsın. Çünki yeni qaydalarda məktəblər üzrə ayrılmış vəsaitlərin, adambaşına düşən təhsil xərclərinin və vəsaitdən istifadəyə dair statistik məlumatların hər il açıqlanması nəzərdə tutulur. Bu da, təbii ki, ictimai nəzarət baxımından çox müsbətdir. Məsələn, ilk mərhələdə üç əsas nəticə gözləmək olar: büdcə planlaşdırılmasında dəqiqliyin artması, məktəblər üzrə maliyyə göstəricilərinin müqayisəsi imkanlarının yaradılması və xərclərin səmərəliliyinə nəzarətin gücləndirilməsi”.
İqtisadçı qeyd edib ki, maliyyələşmənin şagird sayına bağlanması avtomatik olaraq təhsilin keyfiyyətinin yüksəlməsi demək deyil. Əsas məsələ ayrılan vəsaitin təhsilin nəticələrinə təsiridir: “Bunun üçün isə ciddi analitik təhlillərin aparılmasına ehtiyac olacaq”.
Qərara əsasən, dövlət ümumi təhsil müəssisəsi tərəfindən hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərcinin miqdarından artıq olduğu halda, çatışmayan vəsait həmin təhsil müəssisəsinin büdcədənkənar hesabı, təsisçisi və ya onun tabe olduğu qurum tərəfindən digər mənbələr hesabına ödənilir. Bu məsələyə də aydınlıq gətirən ekspert bildirib ki, burada iki məsələni bir-birindən fərqləndirmək lazımdır: “Birincisi, maliyyə vəsaitindən səmərəsiz istifadə nəticəsində əlavə xərc yarana bilər. İkincisi, vəsaitdən səmərəli istifadə olunur, amma obyektiv səbəblərdən əlavə maliyyəyə ehtiyac yaranır, yəni maliyyə çatışmazlığı meydana çıxır. Bu iki vəziyyəti bir-birindən fərqləndirməliyik.
Regionlarda elə məktəblər var ki, şagird sayı həddindən artıq azdır. Bəzi siniflərdə 10-15 şagird, bəzi siniflərdə isə 40 şagird var. Lakin hər bir müəllimin əməyinə eyni qaydada qiymət verilir. Bu məsələ çox önəmlidir. Ona görə də hətta müəllimlərin əməkhaqqı hesablanan zaman diferensial yanaşmadan, müəllimin tədris etdiyi şagirdlərin sayına görə əməkhaqqı məsələsinə toxunmaq olar.
Yeni qaydalarda maliyyə çatışmazlığı ilə bağlı konkret müddəalar var. Belə ki, çatışmazlığın məktəbin büdcədənkənar vəsaiti, təsisçisi və ya tabeliyində olduğu qurum tərəfindən digər mənbələr hesabına ödənilməsi nəzərdə tutulur. Amma bugünkü reallıqda təsisçi, əslində, dövlətdir, yəni məktəb dövlətin müvafiq qurumudur. Büdcədənkənar vəsait dedikdə isə nəzərə almaq lazımdır ki, hər məktəbin büdcədənkənar vəsaiti olmaya bilər.
Hesab edirəm ki, burada əsas mexanizm, ilk növbədə, xərclərin təhlili və maliyyə çatışmazlığının səbəblərinin müəyyən olunmasıdır. Əgər əlavə xərc obyektiv səbəbdən yaranıbsa, onda müvafiq dövlət qurumu tərəfindən əlavə maliyyə vəsaiti birmənalı olaraq ayrılmalıdır. Yox, əgər çatışmazlıq səmərəsiz idarəetmədən qaynaqlanırsa, onda artıq bu məsələ hüquqi çərçivədə öz həllini tapmalıdır”.
E.Əmirovun sözlərinə görə, məktəblərin qanunvericiliyin imkan verdiyi əlavə ödənişli xidmətlərdən, qrantlardan və ya digər qanuni mənbələrdən vəsait cəlb etməsi mümkündür.