Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb.
Liderxeber.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən mehmanxanada keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Belə ki:
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu nasazdır;
- elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;
- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
- köçürmə yolları müxtəlif materiallarla tutulub;
- obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş mehmanxananın fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.