Azərbaycan xalqının əzmi, müzəffər Ordumuzun rəşadəti və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümü ölkəmizin hər yerində olduğu kimi, Bakı şəhəri Nizami rayonunda da böyük təntənə ilə qeyd olunub.
Liderxeber.az xəbər verir ki, Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə noyabrın 5-i millət vəkillərinin, geniş rayon ictimaiyyətinin, şəhid ailələrinin, qazilərin və gənclərin iştirakı ilə bayram tədbiri təşkil edilib.
Tədbirdə ilk öncə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.
Tədbirin rəsmi hissəsində Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Könül Nurullayeva çıxış edərək Zəfər bayramı münasibətilə təbriklərini çatdırıb, xalqımıza tarixi Zəfər qələbəsini yaşadan, bu yolda canlarını belə əsirgəməyən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyib, qəhrəmanlıq dastanını yazmış Vətən övladlarının heç vaxt unudulmayacaqlarını, xalqımızın qəlbində daim yaşayacaqlarını bildiriblər.
Qeyd olunub ki, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli birliyinin, dövlətimizin siyasi iradəsinin, Azərbaycan Ordusunun qüdrətinin və tarixi ədalətin bərpasının təcəssümüdür. Bu möhtəşəm Qələbənin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və xalqımızın Vətən sevgisi dayanır.
Tədbirdə həmçinin Vətən müharibəsi qəhrəmanı, şəhid Amid Heydərovun həyat yoldaşı Nuranə Heydərova və Vətən müharibəsi qəhrəmanı, mayor Ramazan Udulov çıxış edərək Zəfər Bayramı münasibətilə iştirakçıları təbrik edib, eyni zamanda ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən hərtərəfli qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını və sonsuz təşəkkürlərini bildiriblər.
Tədbir bədii hissə ilə davam etdirilib, tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə milli-vətənpərvərlik mövzularında bayram konsert proqramı nümayiş olunub.