Peşəkar Futbol Liqası bu gün Prezident İlham Əliyev tərəfindən açılışı edilən Xankəndi Stadionunda hansı komandaların oynayacağını açıqlayıb.
Qurumun Mətbuat xidmətindən Liderxeber.az-a verilən açıqlamada Birinci Liqa təmsilçiləri “Xankəndi” və MOİK-in orada oynayacağı bildirilib.
“İlk olaraq, cənab Prezidentə Zəfər Günü ərəfəsində AFFA, PFL, ümumilikdə bütün futbol ailəsinə, bu idman növünə könül verən hər kəsə daha bir xoş xəbərə görə dərindən təşəkkür etmək istərdik. Ölkə başçısının tapşırığı və Gənclər və İdman Nazirliyinin xüsusi əməyi sayəsində Azərbaycan futbolu möhtəşəm bir stadion qazandı. Xankəndi Şəhər Stadionunun əsaslı təmir edilərək UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun qurulması burada beynəlxalq matçların keçirilməsinə də imkan verir. Deməli, stadionun orada sosial həyata təsir edəcəyi şübhəsizdir.
Bilirsiniz ki, Xankəndidə Qarabağ Universiteti də fəaliyyət göstərir. Deməli, gənclər istər könüllü, istərsə də rəsmi kimi iştirakçı olmaq imkanı da əldə edəcəklər. Bu halın şəhərin digər sakinlərinə də şamil olunacağı şübhəsizdir.
Matçlara gəldikdə, burada 1-ci Liqada çıxış edən “Xankəndi” və MOİK komandaları meydan sahibi kimi çıxış edəcək. Ən yaxın zamanda bu komandaların ev oyunlarını burada keçirməsi gündəmdədir”, - məlumatda vurğulanıb.